Bakı. Trend:
Azərbaycanda moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol hərəkəti haqqında" qanunda dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, Azərbaycanda moped nəqliyyat vasitələrinin istismarına dair yeni tənzimləmələr tətbiq edilir. Qanunvericilikdə edilən dəyişikliklərin əsas məqsədi, mopedlərin idarə edilməsində sürücülərin bilik və bacarıqlarını artırmaq, həmçinin yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir.
Ən mühüm dəyişikliklərdən biri, moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu, sürücülərin müəyyən bilik və bacarıqlara sahib olmalarını təmin edəcək və nəticədə yol hərəkətindəki təhlükəsizliyi artıracaq.
Bundan əlavə, qanunla moped nəqliyyat vasitəsi anlayışı daha dəqiq müəyyən ediləcək və onlar dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. Həmçinin, əvvəllər yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmələri tələb olunan mopedlər üçün bu məhdudiyyət aradan qaldırılıb.
Qanunda başqa bir mühüm dəyişiklik, motosiklet və mopedin uzunluğu və eni üzrə qabaritlərinin 0,5 metrdən artıq kənara çıxan və ya nəqliyyat vasitəsinin idarə edilməsini çətinləşdirən yük daşımağın qadağan edilməsi ilə bağlıdır.
Yeni qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.
Dövlət başçısı müvafiq QAnunun icrası ilə bağlı Fərman imzalayıb.
