Bakı. Trend:
Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, telefon söhbəti Ukrayna Prezidentinin ABŞ-a planlaşdırılan səfəri ərəfəsində avropalı liderlərlə aparılan məsləhətləşmələr çərçivəsində keçirilib.
Fridrix Merts telefon danışığı ilə bağlı X hesabındakı paylaşımında Avropa müttəfiqlərinin Ukraynaya fəal dəstəyini vurğulayıb. O qeyd edib ki, Avropanın sülhün, azadlığın və təhlükəsizliyin təmin olunması üçün güclü və koordinasiyalı yanaşması hələ də həyati əhəmiyyət daşıyır. Kansler bildirib ki, Berlin qrupu ABŞ-dakı tərəfdaşlarla sıx koordinasiya şəraitində Ukraynaya dəstək göstərməyə hazırdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə X platformasındakı paylaşımında telefon söhbətində ABŞ Prezidenti Donald Tramp ilə keçirəcəyi görüşə hazırlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. O vurğulayıb ki, mövqelər uzlaşdırılır və Avropada hər kəs Avropa həyat tərzinin, dövlətlərin müstəqilliyinin və Avropada sülhün qorunması məsələsində eyni mövqedən çıxış etməlidir.
Zelenski Almaniyanın Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib və Berlinlə birgə görülən işlər nəticəsində Ukraynada minlərlə insanın həyatının xilas edildiyini bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti NATO-nun Baş katibi Mark Rutte, Kanadanın Baş naziri Mark Karni və bir sıra digər avropalı liderlərlə də telefon danışığı aparıb.
