Bakı. Trend:
Kriptovalyuta cüzdanı "Trust Wallet"in istifadəçiləri haker hücumu nəticəsində təxminən 7 milyon ABŞ dolları məbləğində vəsait itiriblər.
Trend xəbər verir ki, bu barədə şirkət sosial şəbəkə "X"dəki rəsmi səhifəsində məlumat yayıb.
Məlumata görə, insident "Google Chrome" üçün "Trust Wallet" genişləndirməsinin 2.68 versiyasına təsir edib. İstifadəçilərə sözügedən versiyanı deaktiv etmələri və dərhal 2.69 versiyasına yeniləmələri tövsiyə olunub.
"Binance"ın təsisçisi və "YZi Labs"ın baş icraçı direktoru Çanpen Çzao dəymiş ziyanın həcmini təsdiqləyib və istifadəçilərə kompensasiya veriləcəyini açıqlayıb. O, həmçinin hücum edənlərin genişləndirmənin yeni versiyasını necə “zəhərləyə” bildiklərini müəyyənləşdirmək üçün araşdırma aparılacağını bildirib.
Haker hücumu "Trust Wallet"in "TWT" tokeninin qiymətinə də təsir göstərib. Hadisə ilə bağlı məlumat yayılmazdan bir neçə saat əvvəl tokenin qiyməti təxminən 7 faiz ucuzlaşıb. Lakin Çanpen Çzaonun açıqlamasından sonra qiymət əvvəlki səviyyələrinə qayıdıb. Dekabrın 26-sı saat 19:15-ə olan məlumata görə, TWT tokeni 0,83 ABŞ dollarından bir qədər yuxarı səviyyədə ticarət olunurdu.
