Bakı. Trend:
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici
kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil
olub.
Trend xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı
Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçün
brifinqdə bildirib.
Onun sözlərinə görə, 5167 müraciətin ekspertizası həyata keçirilib:
"866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib".
Agentlik sədri mənfi rəyin verilməsi səbəblərinə də aydınlıq gətirib:
"Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 495 imtina, əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 122 imtina, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 42 imtina, autentik (həqiqi) olmayan diplom səbəbilə 30 imtina, "Açıköğretim" təhsilalma forması səbəbilə 29 imtina, Akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 27 imtina, Ekvivalenti olmayan ixtisas səbəbilə 9 imtina, Bakalavr diplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomuna imtina verilməsi səbəbilə isə 8 imtina verilib".
