Bakı. Trend:
2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyası (WUF13) sessiyası qlobal şəhərsalma gündəliyinin mühüm mərhələsi olacaq.
Trend xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov şirkətin Bakıda yerləşən baş ofisini ziyarət edən jurnalistlərə açıqlamasında məlumat verib.
O, həmçinin qeyd edib ki, bu sessiya, dayanıqlı şəhər inkişafı sahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalq tədbir olacaq.
"Forum ilk dəfə olaraq Xəzər və Cənubi Qafqaz regionunda keçiriləcək və tədbirdə 10 minə yaxın beynəlxalq iştirakçı, ümumilikdə isə təxminən 30 min iştirakçının olması gözlənilir. Əvvəlki WUF tədbirlərindən fərqli olaraq, Forum çoxsaylı dövlət və hökumət başçılarının iştirakı ilə baş tutacaq. Tədbir çərçivəsində 40 əsas sessiya və 350 tərəfdaş tədbiri təşkil olunacaq. Forumun əsas tədbirləri işarət dili də daxil olmaqla səkkiz dildə sinxron tərcümə ilə təmin ediləcək.", - E. Rasulov bildirib.
Onun sözlərinə görə, formun 13-cü sessiyasının təşkilatı yüksək səviyyədə təşkili məqsədilə WUF13 Əməliyyat Şirkəti 2025-ci il iyunun 30-da fəaliyyətə başlayıb. Həmçinin qısa müddət ərzində institusional hazırlıq, məkan infrastrukturu planlaşdırılması, əməliyyatların idarə olunması, nəqliyyat, marketinq və kommunikasiya kimi sahələr üzrə kompleks işlər həyata keçirilib.
"Bu miqyasda tədbirin uğurla təşkili üçün peşəkar heyətin formalaşdırılması əsas prioritetlərdən biridir. Hazırda 300 nəfərə yaxın əməkdaşdan ibarət işçi heyəti formalaşdırılıb. Cəlb olunan əməkdaşların əksəriyyəti beynəlxalq tədbirlərin təşkili üzrə təcrübəyə malik peşəkar mütəxəssislərdir.", - deyə E. Rasulov qeyd edib.
Onun sözlərinə görə, forumun uğurla keçirilməsində könüllülərin böyük rolu var. Bu məqsədlə Könüllülər Mərkəzi yaradılıb və qeydiyyat dövründə 16 min müraciət qeydə alınıb. Təlimdən uğurla keçən 2500 könüllü tədbirin müxtəlif sahələrində fəaliyyət göstərəcək.
"Tədbirin məkanı olaraq Bakı Olimpiya Stadionu seçilib və hazırda tədbirin geniş miqyasına uyğun infrastruktur hazırlanır. Tikinti işlərinə artıq start verilib.
Forumun təşkili zamanı davamlı inkişaf prinsiplərinə xüsusi önəm verilir və tədbirin ISO 20121 standartına uyğun keçirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
E. Rasulov əlavə edib ki, stadion ərazisində 92 min kvadrat metr sahədə konfrans zalları və digər infrastruktur təşkil ediləcək.
"Forum çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisində 35 min kvadratmetr sahədə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcəklər", - deyə o bildirib.
Onun sözlərinə görə, forum zamanı iştirakçıların tədbir yerinə rahat çatmasını təmin etmək üçün nəqliyyat məsələlərinə xüsusi diqqət yetiriləcək.
"Nəqliyyat Mübadilə Mərkəzlərinin Baş Planı hazırlanıb və 11 nəqliyyat hub-ı müəyyən edilib. Marşrutların Heydər Əliyev Beynəlxalq Hava Limanı, otellər, şəhər mərkəzləri və Bakı Olimpiya Stadionu istiqamətləri üzrə xəritələnməsi işləri davam edir.", - E. Rasulov bildirib.
E. Rasulov həmçinin tədbir zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcəyini əlavə edib.
O, bildirib ki, forumun keçirilməsi, Azərbaycanın son onillikdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər nəticəsində formalaşdırdığı yüksək təşkilati və əməliyyat potensialının davamı kimi dəyərləndirilir.
"Xüsusilə COP29 zamanı on minlərlə iştirakçının, yüzlərlə rəsmi nümayəndə heyətinin və beynəlxalq medianın cəlb olunduğu proseslər ölkənin logistika, təhlükəsizlik, nəqliyyat, könüllülər proqramı, akkreditasiya və media əməliyyatları üzrə hazırlıq səviyyəsini nümayiş etdirib və bu təcrübə WUF13 üçün möhkəm institusional baza yaradıb", - deyə o vurğulayıb.
