Bakı. Trend:
Türkiyə ildə 80 milyard kubmetrədək təbii qaz idxal etməyə imkan verən infrastruktura malik olmaqla, Avropaya enerji daşıyıcılarının tədarük mərkəzinə çevrilmək yolunda irəliləyir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatı türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.
“Hazırda 60 milyard kubmetr qaz istehlak edən Türkiyə 80 milyard kubmetrədək qaz qəbul etməyə imkan verən infrastruktura sahibdir. Bu isə qazın ixracı və ticarəti üçün imkanlar yaradaraq Türkiyəni Avropa üçün mühüm təchizatçıya çevirir”, – deyə nazir bildirib.
Bayraktar bildirib ki, Türkiyə Rumıniyadan daxil olan ildə 1 milyard kubmetr qaz tədarükü ilə bağlı sorğu üzərində işləyir.
“Biz hazırda Suriyaya və İğdır üzərindən Naxçıvana qaz ötürə bilirik. Suriyaya əlavə elektrik enerjisi də veririk. Məqsədimiz 2026-cı ildə Hələbə əlavə 500 meqavat elektrik enerjisi ötürməkdir. Bolqarıstan üzərindən Avropaya qaz ixrac edirik...Ümumi qazlaşdırma gücümüzü 200 milyon kubmetrə çatdırmaq istəyirik. Çünki LNG bazarda getdikcə daha əlçatan olur. Tuz Gölü və Silivridəki yeraltı qaz anbarlarının tutumunun artırılması da hədəflərimiz arasındadır”,-deyə nazir bildirib.
