Bakı. Trend:
Malayziyada məhkəmə ölkənin keçmiş baş naziri Nəcib Tun Razakı 1MDB dövlət fondu ətrafında korrupsiya sxemləri ilə bağlı iş üzrə 15 il müddətinə azadlıqdan məhrum edib və 11,4 milyard rinqqit (təxminən 3 milyard ABŞ dolları) məbləğində cərimə kəsib.
Trend “The Star” nəşrinə istinadən xəbər verir ki, hazırda 72 yaşı olan Nəcib Razak 2009-cu ilin aprelindən 2018-ci ilin mayınadək Malayziyanın baş naziri vəzifəsində çalışıb. O, 2018-ci ilin iyulunda korrupsiya şübhəsi ilə saxlanılıb.
2020-ci ildə Malayziya Ali Məhkəməsi Nəcib Razakı 1MDB dövlət fondu ilə bağlı korrupsiya qalmaqalı çərçivəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında təqsirli bilib. Həmin vaxt o, 12 il həbs və təxminən 44 milyon ABŞ dolları məbləğində cəriməyə məhkum edilmişdi.
2024-cü ildə isə onun cəza müddəti altı ilə qədər azaldılıb və 23 avqust 2028-ci ilədək müəyyən edilib, cərimənin məbləği isə ilkin məbləğin dörddə birinə endirilib.
