Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda səhmdar cəmiyyətinin səhm paketi, 3 obyekt və 53 nəqliyyat vasitəsi satılıb.
Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.
Hərraclara çıxarılan əmlaklara ümumilikdə 287 sifariş qəbul edilib.
Bunlardan 42-si onlayn qaydada həyata keçirilib.
Qeyd edək ki, sifarişlərin çoxluğu hərraca çıxarılan əmlaklara
marağı artırıb. Rəqabətli keçən hərracda Bakının Sabunçu rayonunda
start qiyməti 400.000 manat olan obyekt 630.000 manata, paytaxtın
Suraxanı rayonunda 140.000 manat olan emalatxana 260.000 manata,
Gəncə şəhərində 75.000 manat olan avtodayanacaq isə 240.000 manata
satılıb.
Hərracda “Ağdaş Quşçuluq” açıq səhmdar cəmiyyətinin 30,01 faizlik
səhm paketi 101.662 manata satılıb.
Qeyd edək ki, bu hərrac nəticəsində dövlət büdcəsinə 1,5 milyon
manatdan çox vəsaitin köçürülməsi nəzərdə tutulur.
Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət
Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Dövlət əmlakı üzrə növbəti hərrac 6 yanvar 2026-cı il tarixində
keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və
“www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.
