Bakı. Trend:
Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
"Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb", - deyə dövlət başçısı qeyd edib.
