...

İradədən sıyrılmış güc: Azərbaycanın, millətin, hər birimizin Ordusu, qüruru

Siyasət Materials 26 İyun 2025 00:05 (UTC +04:00)
İradədən sıyrılmış güc: Azərbaycanın, millətin, hər birimizin Ordusu, qüruru
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Həqiqi ordu əmrlərdən və nizamnamələrdən yaranmır, yaradılmır. O, xalq mövcudluğunun əta olunmuş bir həqiqət deyil, seçim olduğunu anlayanda doğulur. Mübarizə aparmaq seçimi. Var olmaq, yaşamaq və yaşatmaq seçimi. Gələcək ilə yox olmaq arasında sipərolmaq seçimi.

Orduların tarixi yalnız yürüşlər və döyüşlərdən ibarət deyil. Bu, mövcudluğun salnaməsidir. Ordu milli ruhun vücuda bürünmüş halıdır. Ləyaqətin danışdığı dildir. Xatirənin zirehi, şərəfin qalxanı, azadlığın qılıncıdır.

26 iyun Azərbaycan üçün sadəcə bir tarix deyil. Bu, 1918-ci ildə yaradılmış hərbi qurumun sadə ildönümü deyil.

Bu, metafizik bir andır - xalqın dövlətçilik arzusu reallığa çevrildiyi məqam.

Bu, xalqın özünü ilk dəfə gücün subyekti kimi dərk etdiyi gündür.

Bu, imperiyaların xarabalıqları arasından yalnız dövlətin deyil, qorunmaq iradəsinin yüksəldiyi gündür. O gün Azərbaycan yalnız siyasi xəritədə yox, tarixin özünün içində ayağa qalxdı - təkcə əsləhə ilə yox, müqəddəs bir ideya ilə silahlanmış halda.

Həmin gün azadlıq gerçəkləşdi, bütövləşdi. Həmin gün tarix qınından çıxan iradə qılıncı çağdaşlığın simvoluna çevrildi. Çünki ordusu olmayan millət nəfəs almayan bədən kimidir. Ordu təkcə qüvvə deyil, mənəviyyatdır. Təkcə əzələ deyil, vicdandır. Təkcə sərhədlərin keşikçisi deyil, məfkurənin bərqərardır.

Biz 26 iyunu qeyd edərkən yalnız şanlı hərbiçilərimizi deyil, bütövlükdə özümüzü ucaldırıq. O günü xatırlayaraq baş əyirik - bizə “özümüz olmaq” haqqını bəxş edənlər qarşısında.

Bu, xalqın dünyaya «Buradayıq və heç yerə getməyəcəyik!» dediyi gündür. Azərbaycan Ordusu təkcə taburlar və briqadalar deyil. Bu, bizim keçmişimizlə gələcəyimiz arasında çəkilmiş canlı cəbhə xəttidir. Keçmişimizi qoruyan, gələcəyimizi quran bir ordu.

Ona görə də 26 iyun sadəcə bayram deyil. Bu, xalqın öz taleyini öz əlləri ilə yazmağa başladığı gündür. Bu, azadlığın sədaya çevrildiyi gündür. Bu, millətin tarixə silinməz şəkildə həkk olunduğu gündür - qızıl hərflərlə, qılınc kimi parlayan və şəhid qanı ilə möhürlənmiş hərflərlə.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 26-da Milli Ordunu yaratması təkcə inzibati qərar deyildi. Bu, bir sivilizasiya seçimi idi. Müsəlman Şərqində ilk dünyəvi demokratik parlament bu qərarla elan etdi ki, ordu olmayan dövlət - sadəcə yer adıdır, hüquq subyekti yox.

Dövlət eyni anda dörd cəbhədən təhdid altındaydı: şimaldan bolşeviklər, qərbdən erməni silahlı dəstələri, cənubdan xaos və daxildəki parçalanma.

Cavab isə yalnız bir ola bilərdi - ORDU!

Komandanlığa çar ordusunda xidmət etmiş şərəfli generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski gətirildi. 1918-ci ilin payızında Bakı uğrunda aparılan hərbi əməliyyatlar, Qafqaz İslam Ordusu ilə birgə şəhərin azad olunması ilk hərbi-strateji qələbəmiz olaraq tarixə düşdü.

Amma bu zəfərin möhkəmlənməsinə tarix fürsət vermədi. 1920-ci ildə bolşeviklər gələndə ordu ləğv olundu. NKVD arxivlərinə görə, zabit heyətinin 80 faizindən çoxu repressiyalara məruz qaldı. Bu, təkcə fiziki ləğv deyildi - xalqın zehni yaddaşından “müstəqil ordu” ideyasını silmək cəhdi idi.

Sovet dövrü ordu anlayışını millətlərdən təcrid etmə dövrü idi. İmperiya “beynəlmiləlçilik” adı altında millətləri hərbi baxımdan şikəst buraxırdı. Azərbaycanlı gənclərin böyük hissəsi “stroybat” deyilən tikinti batalyonlarına göndərilirdi. Bu, hərbi xidmət yox, əməlli-başlı alçaldılma idi.

Amma bu tablonu Ulu Öndər Heydər Əliyev dəyişdi. 1970-ci illərdə Azərbaycanın rəhbəri olan Heydər Əliyev hərbi mövzularda sakit, amma ardıcıl revanşa başladı: 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı, gənclərin SSRİ-nin hərbi məktəblərinə göndərilməsi üçün kvotalar artırıldı. Müdafiə Nazirliyinin 1980-ci il hesabatlarına görə, azərbaycanlı komandirlərin sayı 1965-ci illə müqayisədə iki dəfə artaraq 294 nəfərə çatdı.

Sanki “sovet əsgəri” libasında bir yeni azərbaycanlı zabit tipi yetişirdi. Hələ formasız, hələ sükut içində, amma artıq Azərbaycan Ordusunun gələcəyini daşıyan ruhla.

SSRİ-nin dağılması ilə Azərbaycan müstəqil oldu, amma ordusuz. 1991-ci il oktyabrın 9-da rəsmi qərar verilsə də, keçmiş müdafiə naziri Tacəddin Mehdiyevin 2024-cü ildə verdiyi müsahibədə dediyi kimi: “O vaxt cəmi 500-ə yaxın təcrübəli zabitimiz vardı, döyüş komandanlığı sistemi yox idi, silahların çoxu SSRİ-nin 4-cü Ordusunun əlindəydi”.

1992–1993-cü illər vətəndaş silahlı dəstələrinin xaosu dövrü idi. AMEA-nın Hərb Tarixi Mərkəzinin araşdırmasına görə, bu dövrdə 50-dən çox briqada və batalyon müxtəlif siyasi qruplara yox, Baş Qərargaha tabe idi. Bu da fəlakətli nəticə verdi - 1992-ci ilin mayında Şuşa və Laçının itirilməsi bilavasitə vahid komandanlığın olmamasının nəticəsi idi.

Dönüş nöqtəsi 1993-cü il oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu siyasətdən, xaosdan, başıpozuqluqdan, dəstələrdən və klanlardan təmizləndi. Müasir Müdafiə Nazirliyi formalaşdırıldı, zabit heyətinə total yoxlama aparıldı. Yalnız 1993–1994-cü illərdə 1430 zabit məsuliyyətsizlik, fərarilik və sabotaja görə vəzifədən uzaqlaşdırıldı.

Yeni hərbi doktrina hücum yox, müdafiə strategiyası üzərində quruldu. Qərar qəbul edildi: orduya birinci gündən sədaqətlə xidmət edən, serjantdan generaladək yüksələn kadrlarla ordu qurulmalı idi.

2001-ci ildən başlayaraq Azərbaycan Ordusunda keyfiyyətcə yeni mərhələ açıldı - quruculuq dövrü. Hərbi akademiyaların təsisi, üçpilləli komanda strukturlarına keçid, müdafiə sənayesinin formalaşdırılması - bütün bunlar ordunun kağız üzərində yox, real gücə çevrilməsi demək idi. SIPRI-nin hesabatına əsasən, 2003–2018-ci illər arasında Azərbaycanın müdafiə büdcəsi 175 milyon dollardan 2,25 milyard dollara qədər - tam 12 dəfədən çox artmışdı.

Ən önəmli dönüş isə hərbi-texnoloji müstəqillik idi. 2020-ci ilə qədər Azərbaycan artıq 1200-ə yaxın hərbi məhsul növünü özü istehsal edirdi - o cümlədən pilotsuz uçuş aparatları, zirehli maşınlar, yüngül silahlar. Bu isə yerli sənayenin ordunun döyüş planlamasına birbaşa inteqrasiyasına yol açdı. Xüsusilə kəşfiyyat və zərbə dron sistemlərində.

Bütün bu illərin strateji nəticəsi - 44 günlük Vətən müharibəsi oldu. 27 illik ordu quruculuğunun zirvəsi. Azərbaycan Ordusu dünya hərb tarixində ilk dəfə olaraq dronlar, artilleriya, xüsusi təyinatlı qruplar və informasiya müharibəsini bir yerdə tətbiq edərək işğal altında olan ərazilərin əksəriyyətini azad etdi. Bu, artıq “PUA inqilabı” kimi hərbi akademiyalarda öyrədilir.

2023-cü ildə Qarabağın tam reinteqrasiyası ilə Azərbaycan Ordusunun yeni missiyası başladı - o, sülhün təminatçısına çevrildi. 2024-cü ilin fevralında təsdiqlənmiş Milli Təhlükəsizlik Strategiyasına görə, Silahlı Qüvvələrin əsas prioritetləri ekspedisiyalı çevikliyə nail olmaq, asimmetrik qarşıdurma texnologiyalarının inkişafı (PUA-lar, radioelektron mübarizə, kibertəhlükəsizlik), habelə BMT və İƏT çətiri altında beynəlxalq sülhməramlı missiyalarda iştirak.

2025-ci ilin may ayına olan statistikaya əsasən, son iki il ərzində Azərbaycan Ordusu 117 beynəlxalq təlimdə iştirak edib: onlardan 29-u Türkiyə ilə, 11-i Pakistanla, 6-sı isə Afrika ölkələri ilə keçirilib. 900-dən çox zabit NATO və TUSAŞ standartlarına uyğun təkmilləşdirmə kursu keçib.

Amma ən önəmlisi - ordunun cəmiyyət üçün artıq sadəcə güc strukturu yox, mənəvi dayağa çevrilməsidir. 2025-ci ilin aprelində Sosial Tədqiqatlar Mərkəzinin sorğusuna əsasən, Azərbaycan cəmiyyətində ordunun nüfuzu 91 faiz etibar səviyyəsinə çatıb. Bu - ölkədəki bütün dövlət institutları arasında rekord göstəricidir. Ordu - bu xalqın iradəsidir.

Bu gün Azərbaycan tarixin aynasına baxanda orada yalnız keçmişin ağrısı, azadlıq uğrunda mübarizə deyil - həm də ordu görünür. Ordu - bu xalqın əyilməyən bel sütunu, əzmli siması, sükuta bürünmüş iradəsidir.

Postsovet mirasından XXI əsr texnoloji orduya çevrilmiş Silahlı Qüvvələr bu gün sadəcə hərbi qurum deyil - onlar siyasi faktordur, mədəni arxetipdir, diplomatik arqumentdir. Və, hərb nəzəriyyəçisi Klausevitsin dediyi kimi, “ordu siyasətin başqa vasitələrlə davamıdır”. Azərbaycan üçün bu - həm də yaddaşın və ədalətin davamıdır.

Azərbaycan Ordusu heç vaxt ani militarist partlayışın nəticəsi olmayıb. Bu - uzun illərin planlı, strateji iradəsi ilə formalaşmış sistemdir. 2025-ci ilə gəldikdə, Azərbaycan Silahlı Qüvvələri Avrasiyanın ən çevik, ən texnoloji ordularından birinə çevrilib.

Görülən işlərin məhvərində yeni nəsil hərbi düşüncə dayanır. Xüsusilə şəbəkə-mərkəzli müharibə prinsipləri: real vaxtda kəşfiyyat, atəş və manevr sinxronizasiyası, PUA-ların, peyk kanallarının və RƏM vasitələrinin inteqrasiyası.

Azərbaycanın 2020-ci ildən bəri təkmilləşdirdiyi “PUA doktrinası” artıq beynəlxalq model sayılır. Hazırda döyüş arsenalında 200-dən çox zərbə PUA-sı var: Türkiyənin "Bayraktar", "Akinci", İsrailin "Harop", "SkyStriker" və "Hermes 900" kimi sistemləri. Bunlar təkcə texnika deyil - yeni müharibə fəlsəfəsinin silahıdır: səssiz, sürətli, dəqiq.

"Jerusalem Post" nəşrinə danışan hərbi analitik Seth Frantzman deyib: “Azərbaycan postsovet məkanında PUA-nı əlavə vasitə kimi deyil, əsas hərbi struktur elementi kimi tətbiq edən ilk ölkə oldu”. Bu - təkcə texnoloji nailiyyət deyil. Bu - siyasi və strateji uzaqgörənlikdir. Çünki dronlar təkcə zərbə deyil - bu, fiziki iştirak olmadan üstünlüyün nümayişidir.

Türkiyə Müdafiə Tədqiqatları İnstitutunun yaydığı hesabatda göstərilir ki, Azərbaycan Ordusunun radioelektron mübarizə sistemləri ölkə sərhədlərinin 75%-ni əhatə edir, 50 km-ə qədər dərinliyə nüfuz edə bilir. “Koral” və “Groza-S” sistemləri 2020-ci ildə Ermənistanın bütün rabitə imkanlarını sıradan çıxarmış, 2023–2025-ci illərdə isə cəbhəyanı zonada qoşun yerləşdirmədən nəzarət imkanı yaratmışdı.

Yüksək dəqiqlikli artilleriya isə bu konsepsiyanı tamamlayır. TRLG-230 lazerlə idarə olunan raketlər, “EXTRA” və “LORA” sistemləri ilə 400 km-ə qədər məsafədə hədəflər dəqiqliklə məhv edilir. Məqsəd - düşmənlə təmasdan əvvəl onun fiziki və psixoloji müqavimətini sarsıtmaq.

Bəli, ordu - bu gün təkcə PUA-lar, FPV-dronlar, zirehli texnika, RƏB sistemləri deyil. Ordu - ilk növbədə insandır. 2024–2025-ci illərdə Azərbaycan Ordusunda “rəqəmsal əsgər” layihəsi həyata keçirildi. Aprel 2025-ci ildə Müdafiə Nazirliyinin təqdim etdiyi hesabatda qeyd olunur ki, hər bir motoatıcı tağım artıq fərdi döyüş idarəetmə sistemi ilə təchiz olunub: kaska, zirehli gödəkcə və planşet vahid informasiya dövriyyəsinə bağlıdır.

Əsgər döyüş meydanında real vaxt rejimində kəşfiyyat məlumatlarını, hədəf koordinatlarını, müttəfiq bölmələrin mövqelərini və manevr marşrutlarını alır. Bu texnologiya əsgəri sadəcə silah daşıyan yox, ordunun “kollektiv beyni”nin bir hissəsinə çevirir - minimum risk, maksimum nəticə ilə.

2025-ci il mayın 28-də Royal United Services Institute ekspertlərindən Duqlas Berri verdiyi müsahibədə bu sistemi belə qiymətləndirib: “Azərbaycan fərdi əsgərin təşəbbüsü ilə mərkəzləşdirilmiş idarəetməni birləşdirən yeni model tətbiq edir. Bu, gələcəyin ordusudur”.

Azərbaycan Ordusunun yetkinliyinin ən aydın sübutu - 2020-ci ilin 44 günlük Vətən müharibəsidir. Bu savaş retrospektivdə qığılcım yox, uzun yolun sonudur. 1990-cı illərin dağınıq özünümüdafiə dəstələrindən XXI əsr modelinə qədər. O qələbə yalnız hərbi zəfər deyildi - o, fəlsəfi bir dönüm idi. Tarix, onu yazanların əlinə qayıtdı.

Təxminən 30 il məlun erməni işğalında qalan ərazilərimizin azad edilməsi, sonda Şuşanın, nəhayətdə Xankəndinin hürrə qovuşması - bu coğrafiya təkcə ərazi yox, ləyaqətin geri qaytarılması idi. Xüsusilə Şuşa - o artıq sadəcə strateji nöqtə deyil, simvoldur: buludların üstündə, əsgərin əli ilə qaldırılan bayraq - təbliğatla yox, təlimlə, illərlə formalaşmış peşəkarlıqla qazanılmış bir qürur.

26 İyun - Silahlı Qüvvələr Günü. Amma bu tarix paraddan ibarət deyil. Bu tarix ardıcıllıq, nəsildən-nəslə ötürülən ruhdur. 1918-ci ildə ADR zamanından bu yana Azərbaycanda ordu sadəcə qurum yox, cəmiyyətin kollektiv ifadəsidir. Ordu - etnik, sosial və regional fərqlərdən asılı olmayaraq, hər bir vətəndaşın başa düşdüyü ortaq dildir.

Bugünkü ordu - silah sistemlərindən ibarət maşın deyil. Bu - düşüncə sistemidir. Və məhz buna görə, o, yalnız cəbhəyə yox, zamana da tab gətirir.

Azərbaycan Ordusunun tarixi - Azərbaycanın tarixinin aynasıdır. 1920-ci illərdə tapdanmış, 1970-ci illərdə susdurulmuş, 1992-də param-parça edilmiş, 1993-də yenidən doğulmuş, 2020-də qalib gəlmiş, 2025-də isə sülhün təminatçısına çevrilmiş bir tarix.

26 iyun - sadəcə bir gün deyil. Bu, mədəni və siyasi sərhəddir. O gün xalq özünü qlobal proseslərin obyekti kimi yox, subyekti kimi hiss edir. Güc dilində danışmağı bacaran, amma onun əsirinə çevrilməyən bir dövlətin günüdür.

Azərbaycan Ordusu - təkcə forma geymiş insanlar deyil. Bu - silahlanmış yaddaşdır.

Bu - yaşanmış faciənin yenidən ayağa qalxmış formasidir.

Bu - arxasından qorxmadan addımlamaq mümkün olan gələcəyin obrazıdır.

Bu - iradədən döyülmüş qılıncdır. Hər 26 iyun isə o qılınca baxılan və bir daha xatırlanan gündür: o qılınc qorxutmaq üçün deyil, qorumaq üçündür. O, nümayiş üçün yox, ləyaqət üçündür.

2025-ci ildə Brüsseldə, Vaşinqtonda və ya Təl-Əvivdə analitiklər Cənubi Qafqazı müzakirə edəndə artıq coğrafiyadan yox, balansdan danışırlar. Və bu balansda Azərbaycan Ordusu - rəsmi sənədlərdə olmasa da, protokol qeydlərində, siyasətçilərin sükutunda görünən amildir.

Azərbaycan Silahlı Qüvvələri təhdid yox, arqumentdir. Militarizm deyil, zirehli suverenlikdir. Güc kultu yox, məsuliyyət fəlsəfəsidir: sərhədə, dövlətə və tarixə qarşı.

Və əsl güc - bu anlayışdadır.

Topların gurultusunda yox. Sükutda.

Sərhədlərimizdə, əsgər qışlalarında, evlərimizdə, anaların baxışlarında, körpələrin gülüşündə.

Vətəndə...

Xəbər lenti

Xəbər lenti