Daşkənd. Trend:
1-2 iyul tarixlərində Özbəkistanın tarixi Xivə şəhərində “Yeni üfüqlərin axtarışında: dialoqdan birgə fəaliyyətə” mövzusunda Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu keçiriləcək.
Bu haqda Trend Özbəkistan Respublikasının Oliy Məclisinin senatına istinadən xəbər verir.
Foruma Özbəkistan və Azərbaycan parlamentinin nümayəndələri, o cümlədən, hər iki ölkənin Gənclər Parlamentinin nümayəndə heyətləri toplanacaq.
Forumun əsas məqsədi parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi, qanunvericilik fəaliyyəti və parlament nəzarəti sahəsində təcrübə mübadiləsi aparılması, eləcə də, iki ölkə arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaların gerçəkləşdirilməsinə dəstək göstərilməsidir. Forum çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və prioritet sahələr üzrə səylərin əlaqələndirilməsi perspektivləri müzakirə olunacaq.
Forumun yekununda Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş yekun sənəd qəbul ediləcək. Bu sənəd birgə təşəbbüslərin həyata keçirilməsi, həmçinin, iqtisadiyyat, mədəniyyət, təhsil və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq.