Bakı. Trend:
Rusiyada hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedovun evində, iş otağında, Mahaçqala şəhər administrasiyasının struktur bölmələrində – memarlıq və şəhərsalma idarəsində, eləcə də, əmlak və torpaq münasibətləri idarəsində axtarış aparıb.
Trend xəbər verir ki, bu barədə TASS dövlət agentliyi mənbəyə istinadən yazır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları, eyni zamanda, vəzifəli şəxsin Moskvadakı övladlarının evlərində axtarışlar aparıb.
Maqomed-Sultan Maqomedov 2021-ci ilin noyabrından etibarən Dağıstanın dövlət katibi vəzifəsini tutur. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, səkkiz il ərzində respublikanın Xalq Məclisinin deputatı olub. O, Rusiya Premyer Liqasında çıxış etmiş “Anji” futbol klubunun təsisçisidir. Vaxtından əvvəl mandatından imtina etdikdən sonra onu oğlu Maqomed əvəz etmişdi.
O, iri müəssisə olan “Dağneftebaza”nın qanunsuz özəlləşdirilməsində şübhəli bilinir. Əvvəllər hökumətə məxsus olan bu baza 2005-ci ildə Maqomedov tərəfindən özəlləşdirilib. Vəzifəli şəxsin və onun ailə üzvlərinin bütün daşınmaz əmlakının müsadirə olunması istisna edilmir.
xxx
12:20
Dağıstan Respublikasının Dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.
Trend xəbər verir ki, bu barədə TASS regionun güc strukturlarına istinadən məlumat yayıb.
“Maqomed-Sultan Maqomedov saxlanılıb”, - deyə agentliyin adı açıqlanmayan müsahibi bildirib.
Saxlanılmanın səbəbləri barədə hələlik heç bir açıqlama verilmir.