...

Sertifikatlaşdırma imtahanında qaydaları pozduğuna görə 7 müəllimin nəticəsi ləğv ediləcək

Cəmiyyət Materials 25 İyun 2025 21:57 (UTC +04:00)
Sertifikatlaşdırma imtahanında qaydaları pozduğuna görə 7 müəllimin nəticəsi ləğv ediləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

18–25 iyun tarixlərində təşkil olunan müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq başa çatıb.

Trend xəbər verir ki, bu barədə Məktəblərin Ümumi Təhsil Direktorluğu Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, ölkənin 18 şəhər və rayonunda yerləşən 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib.

Agentlik sertifikatlaşdırma prosesindən uğurla keçən bütün müəllimləri təbrik edərək onların biliyini, məsuliyyətini və əzmini yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində – öyrənmə və öyrətmə yollarında onlara uğurlar arzulayıb.

Qeyd olunub ki, imtahandan öncə müəllimlərlə qaydalar və təlimatlar bölüşülüb, bir sıra maarifləndirici görüşlər keçirilib və xəbərdarlıqlar edilib. Lakin bütün bu tədbirlərə baxmayaraq, bəzi neqativ hallara da rast gəlinib.

Belə ki, 7 müəllimin imtahan zamanı qaydaları pozduğu (mobil telefondan istifadə, sualların şəklinin çəkilməsi və s.) müəyyən edilib və bu səbəbdən onların nəticələrinin ləğv olunması nəzərdə tutulur.

MÜTDA vurğulayıb ki, bu kimi hallar yalnız sertifikatlaşdırma prosesinə deyil, eyni zamanda "müəllim" adına olan yüksək ictimai etimada da ziddir. Bu səbəbdən, hər bir iştirakçının belə vacib mərhələyə dürüstlük, məsuliyyət və daxili intizamla yanaşmasının zəruriliyi bir daha xatırladılıb.

Xəbər lenti

Xəbər lenti