Bakı. Trend:
Bu ilin yanvar-may aylarında malların gömrük sərhədindən bəyan edilmədən, düzgün bəyan edilmədən və gömrük nəzarətindən gizlədilərək keçirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 55 cinayət xarakterli və 584 inzibati xəta faktları aşkar edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Qeyd edilib ki, DGK tərəfindən qaçaqmalçılıqla mübarizə istiqamətində tədbirlər uğurla davam etdirilir:
"Gömrük orqanları tərəfindən gömrük nəzarəti, əməliyyat-axtarış tədbirləri və Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS) tətbiqi ilə qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının aşkar edilməsi və qarşısının alınması istiqamətində davamlı mübarizə həyata keçirilərək hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri tətbiq edilir".
Məlumatda vurğulanıb ki, gömrük qaydalarının pozulması halları ilə mübarizədə maarifləndirmə tədbirləri də həyata keçirilir:
"Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə preventiv tədbirlərin tərkib hissəsi kimi Dövlət Gömrük Komitəsinə aid rəsmi internet saytlarında, sosial şəbəkələrdə və mediada şəxslərin bu sahədə maarifləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir", - qurumdan bildirilib.