Bakı. Trend:
Azərbaycan hökuməti tərəfindən 2030-cu ilədək ölkənin elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji üzrə payın 30%-ə çatdırılması hədəfinə nail olunması istiqamətində layihələrin icrası uğurla davam etdirilməkdədir.
Bunu Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib.
Şöbə müdiri vurğulayıb ki, 2027-ci ilədək 2 QVt civarında sənaye miqyaslı günəş və külək elektrik stansiyasılarının inşası və şəbəkəyə qoşulması ilə bağlı planların icrası istiqamətində işlər davam etdirilməkdədir.
“Azərbaycanın 2024-cü il üzrə elektrik enerjisi stansiyalarının ümumi qoyuluş gücü 8 415 MVt, bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 792 MVt təşkil edir ki, bu da ümumi gücün 21,3 %-ni təşkil edib. Qeyd olunan mühüm layihələrin icrası nəticəsində 2030-cu il üçün nəzərdə tutulan hədəfə daha erkən nail olunması planlaşdırılır”, - deyə C.Əliyev qeyd edib.