Bakı. Trend:
İranın dinc məqsədli nüvə proqramı daha sürətli şəkildə irəliləyəcək.
Trend-in məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf parlamentin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, İsrail və ABŞ-nin İrana hücumları zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik hətta vizual olaraq İranın nüvə mərkəzlərinə hücumu qınamayıb.
Qalibaf deyib ki, bu isə AEBA-nın beynəlxalq imicinə zərbə vurdu. İran həmin səbəbə nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət vermək üçün AEBA ilə əməkdaşlığı dayandırır.
Qeyd edək ki, İran parlamenti 25 iyunda İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlığı dayandıran layihəni qəbul edib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.