Bakı. Trend:
İsraillə İran arasında atəşkəsin qüvvəyə minməsindən sonra bütün İsrail ərazisində məktəblər yenidən açılıb.
Trend xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin Daxili Cəbhə Komandanlığı İranla hərbi münaqişə dövründə mülki əhali ilə bağlı tətbiq olunan bütün məhdudiyyətlərin ləğv olunduğunu elan edib.
Bu arada, İsrailin 12-ci kanalının verdiyi məlumata görə İranın ballistik raket hücumları nəticəsində ölkə ərazisində 300-ə yaxın təhsil müəssisəsinin binasına ziyan dəyib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.