...

"Masdar" Azərbaycanda külək parkı üzrə maliyyə razılaşmasının ilin ortalarına kimi tamamlanacağına ümid edir (ÖZƏL MÜSAHİBƏ)

Yaşıl iqtisadiyyat Materials 18 Mart 2026 08:00 (UTC +04:00)
"Masdar" Azərbaycanda külək parkı üzrə maliyyə razılaşmasının ilin ortalarına kimi tamamlanacağına ümid edir (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Abşeron–Qaradağ rayonunda 240 MVt gücündə külək parkının tikintisi layihəsi üzrə maliyyə razılaşmasının tamamlanmasının 2026-cı ilin ortalarınadək başa çatdırılması gözlənilir.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin biznesin və layihələrin inkişafı üzrə direktoru Abdulla Zayed Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“Azərbaycanla əməkdaşlığımız təxminən səkkiz il əvvəl, bərpa olunan enerji üzrə milli sistemin inkişafının dəstəklənməsi məsələləri ilə bağlı hökumət və Energetika Nazirliyi ilə müzakirələrə start verdiyimiz zaman başlandı. Bu ilkin danışıqlar 2023-cü ildən fəaliyyət göstərən, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsinin həyata keçirilməsi ilə nəticələndi. Layihə uğurlu oldu və “Masdar” ilə Azərbaycan hökuməti arasında gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratdı”, – deyə o qeyd edib.

Zayedin sözlərinə görə, "Qaradağ" layihəsinin uğurlu icrası təcrübəsinə əsaslanaraq, şirkət Azərbaycan hökuməti ilə bərpa olunan enerji sahəsində əlavə layihələrin inkişafı barədə razılığa gəlib.

“Hazırda üç layihə irəliləmiş mərhələdədir. Biləsuvar və Neftçalada iki günəş layihəsi – artıq inşa mərhələsindədir. Üçüncü layihə isə Abşeron–Qaradağ bölgəsindəki külək parkıdır”, – deyə o əlavə edib.

Zayed qeyd edib ki, iki günəş enerjisi layihəsi qrafikə uyğun icra olunur və Biləsuvardakı stansiyanın tikintisi daha irəli mərhələdədir.

“Hazırlıq səviyyəsi daha yüksək olduğuna görə, Biləsuvar Günəş Elektrik Stansiyası (GES) cari ilin sonunadək istismara verməyi planlaşdırırıq. Neftçalada günəş stansiyasının tikintisinin isə gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur. Külək enerjisi layihəsi də irəli mərhələdədir və biz ilin ortalarınadək maliyyə bağlanışına nail olacağımıza ümid edirik. Məhz bundan sonra tammiqyaslı tikinti işlərinə başlanılacaq. Hazırda ərazidə müəyyən hazırlıq tədbirləri aparılır, lakin əsas tikinti mərhələsi maliyyə razılaşmasının tamamlanmasından sonra başlayacaq”, – deyə o izah edib.

Zayedin sözlərinə görə, bu layihələr “Masdar"ın Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi əməkdaşlığın konkret nəticələridir.

“Ümumilikdə, bu layihələr ölkədə bərpa olunan enerji sahəsində gücümüzü 1,2 giqavata çatdıracaq, ümumi investisiya həcmi isə 1 milyard ABŞ dolları üstələyəcək. Azərbaycana verdiyimi töhfənin miqyasını təsəvvür etmək aydın olsun deyə qeyd edim ki, həyata keçirdiyimiz 1,2 giqavat gücündə layihələr yarım milyondan çox təsərrüfatı elektrik enerjisi ilə təmin edə biləcək.

Bu layihələrlə yanaşı, biz hökumətlə əlavə əməkdaşlıq imkanlarını da araşdırmağa davam edirik. Azərbaycan günəş və külək enerjisi baxımından böyük potensiala malikdir. Yeni güclərin planlaşdırılması zamanı diqqət yalnız ayrı-ayrı layihələrə və ya sahələrə deyil, həm də onların milli enerji sisteminə inteqrasiyasına, eləcə də elektrik enerjisinə ən çox tələbat olan regionlara yönəldilir. Azərbaycan geniş torpaq resurslarına malik olsa da, strateji baxımdan layihələrin enerjiyə ən çox ehtiyac duyulan ərazilərdə həyata keçirilməsi məqsədəuyğundur. Hökumətlə əməkdaşlıqda biz məhz bu yanaşmanı rəhbər tuturuq ki, buna Biləsuvar layihəsi nümunədir. Biz həmçinin Qaradağ layihəsinin mümkün genişləndirilməsi də daxil olmaqla, gələcək təşəbbüslərlə bağlı müzakirələri davam etdiririk”, – deyə o əlavə edib.

Zaid həmçinin bildirib ki, “yaşıl” enerji sahəsində daha geniş əməkdaşlıq çərçivəsində “Masdar” artıq elan olunmuş üç təşəbbüsdən əlavə, yeni layihələrin həyata keçirilməsi imkanlarını Azərbaycan hökuməti ilə aktiv şəkildə müzakirə edir.

“Qeyd etdiyim kimi, Azərbaycan bərpa olunan enerji üzrə əhəmiyyətli resurslara, ələlxüsus da günəş və külək enerjisi üzrə yüksək potensiala malikdir. Nəticə etibarilə, əlavə layihələrin reallaşdırılması onların texniki baxımdan mümkünlüyündən asılı olacaq. Öz növbəmdə, BƏƏ-dən olan investor kimi deyə bilərəm ki, “Masdar” şirkəti Azərbaycanda iştirakını genişləndirmək və investisiyalarını artırmaqda son dərəcə maraqlıdır.”

Biz Azərbaycan hökuməti tərəfindən energetika sektorunun karbonsuzlaşdırılması, “yaşıl elektrik enerjisi"nin inkişafı, neft və qazdan asılılığın azaldılması, eləcə də ixrac oluna və ya digər bazarlarda istifadə edilə biləcək əlavə güclərin yaradılması istiqamətində ciddi dinamikanı müşahidə edirik. Biz bu cür proaktiv yanaşmanı yüksək qiymətləndiririk və Azərbaycanda əldə etdiyimiz uğurlu təcrübəyə əsaslanaraq, əməkdaşlığı genişləndirməyə və hökuməti “yaşıl enerji" sahəsində təşəbbüslərin təşviqində dəstəkləməyə hazırıq”, – deyə o əlavə edib.

“Masdar”ın Azərbaycandakı fəaliyyətinin nəticələrinə dair təqdimatın martın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında təqdim olunmasına toxunan Zayed bildirib ki, bu toplantı şirkət üçün mühüm platforma olaraq qalmaqdadır.

“Masdar artıq uzun illərdir Şuranın işində iştirak edir və bu, Azərbaycana, region ölkələrinə və bütün maraqlı tərəflərə ölkədəki fəaliyyətimiz barədə məlumat vermək üçün dəyərli imkan yaradır. Təqdimat zamanı biz Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verdik və “yaşıl enerji"nin təşviqində Azərbaycan hökuməti ilə əməkdaşlığa görə dərin minnətdarlığımızı ifadə etdik”, – deyə o bildirib.

Zayed vurğulayıb ki, Masdar artıq uzun müddətdir Azərbaycanda fəaliyyət göstərir və ölkə hökuməti ilə davam edən əməkdaşlığı yüksək qiymətləndirir.

“Biz həmçinin yerli tərəfdaşımız – “SOCAR Green” ilə sıx əməkdaşlıq edirik”, – deyə o qeyd edib.

Zayedin sözlərinə görə, “SOCAR Green” layihələrin praktiki icraya çatdırılması məqsədilə başlanğıcdan layihələrin həyata keçirilməsinin bütün əsas mərhələlərində – konsepsiya və biznes modelinin hazırlanmasından tutmuş hökumət, banklar və digər maraqlı tərəflərlə danışıqlara qədər – iştirak edib.

“Onların iştirakı böyük əhəmiyyət kəsb edir. Yerli şirkət kimi onlar mühüm bilik və təcrübəyə malikdirlər, eyni zamanda, ən iri beynəlxalq neft-qaz şirkətlərindən biri olan SOCAR-ın tərkib hissəsi kimi karbonsuzlaşdırma və “yaşıl enerji" sahəsində imkanların inkişafı üzrə strateji baxışı bölüşürlər. Bu tərəfdaşlıq hər iki tərəf üçün faydalıdır: o, xarici investor, hökumət və yerli tərəfdaş arasında şəffaf əməkdaşlığı təmin edir, eyni zamanda “SOCAR Green”ə günəş, külək və digər bərpa olunan enerji texnologiyaları üzrə öz ekspertizasını genişləndirməyə imkan yaradır. Gələcəkdə bu, şirkət üçün “yaşıl enerji" sahəsində fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da genişləndirmək imkanları yarada bilər”, – deyə o bildirib.

Şirkətin regional və qlobal mövcudluğundan danışan Zayed qeyd edib ki, “Masdar” Mərkəzi Asiya və Cənubi Qafqazda bərpa olunan enerji sahəsində ən böyük şirkətdir.

“2018-ci ildə Azərbaycan bazarına daxil olduqdan sonra biz fəaliyyətimizi Özbəkistan və Qazaxıstanda genişləndirdik və dövlət dəstəyi sayəsində ilk uğurlarımızı əldə etdik. Bu ölkələrdə də ikitərəfli layihələr həyata keçiririk. Regionun digər ölkələrində də imkanları araşdırmışıq, lakin hələlik heç bir bazarda Azərbaycan, Özbəkistan və Qazaxıstanda olduğu kimi layihələrin inkişaf miqyası və səviyyəsi müşahidə olunmur. Digər ölkələrdə inkişaf prosesi davam edir, lakin bərpa olunan enerjinin genişləndirilməsinə maraq yüksək olaraq qalır”, – deyə o qeyd edib.

Zayed bildirib ki, ötən ilin sonuna “Masdar” beynəlxalq miqyasda təxminən 65 qiqavat həcmində bərpa olunan enerji gücləri portfelini təmin edib. Bu həcmin 45 QVt-ı istismar, tikinti mərhələsindədir və ya investor öhdəlikləri ilə təmin olunub, əlavə 20 QVt isə inkişafın irəli mərhələsində olan layihələr portfelini təşkil edir.

“Biz dünyanın müxtəlif regionlarında fəaliyyət göstəririk və Cənub-Şərqi və Mərkəzi Asiyada, Azərbaycanda, Yaxın Şərqdə, Afrikada, Avropada və ABŞ-da aktiv işləyirik. Portfelimiz şaxələndirilib və həm günəş, həm külək layihələrini, həm də xüsusilə Avropada getdikcə daha çox populyarlıq qazanan müstəqil enerji saxlama layihələrini əhatə edir. “Masdar”ın bərpa olunan enerji sektoruna yatırdığı ümumi investisiyanın həcmi 30 milyard ABŞ dollarını ötür.

Səhmdarları tərəfindən müəyyən edildiyi kimi, şirkət qarşısına 2030-cu ilə qədər gücü 100 qiqavata çatdırmaq kimi iddialı məqsəd qoyub. Bu məqsədə nail olmaq üçün biz Azərbaycanı və ümumilikdə regionu əsas inkişaf istiqamətlərindən biri kimi nəzərdən keçiririk. Resurslar, tənzimləyici mühit və bazar şərtləri tələblərə uyğun olduqda, burada mövcud imkanları reallaşdırmağa davam edəcəyik”, – deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti