Xankəndi. Trend:
Martın 17-də Xankəndi şəhərində Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi böyük coşqu və bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, şəhərin Zəfər meydanında çərşənbə tonqalı alovlandırılıb.
Tonqal ətrafına toplaşan insanlar, qədim ənənələrə uyğun olaraq bayram tonqalının üzərindən tullanıb, baharın gəlişini sevinclə qarşılayıblar. Musiqili və əyləncəli proqramla müşayiət olunan tədbir iştirakçılarda xüsusi bayram ovqatı yaradıb. Milli musiqilər səsləndirilib, sakinlər birlik və həmrəylik şəraitində Novruz ənənələrini yaşadıblar. Uzun illərdən sonra doğma Qarabağ torpağında Novruz tonqallarının alovlanması sakinlərdə qürur və sevinc hisslərini daha da artırıb.
Bayram tonqalının alovu şəhərə xüsusi gözəllik bəxş edib, sakinlərə unudulmaz bayram anları yaşadıb.
