...

Naxçıvan şəhərinin mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır

Cəmiyyət Materials 24 İyun 2025 18:52 (UTC +04:00)
Naxçıvan şəhərinin mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri Naxçıvan şəhərinin Baş planının hazırlanmasıdır. Bu mühüm layihənin icrası Böyük Britaniyanın şəhərsalma sahəsində böyük təcrübəyə malik “Chapman Taylor” şirkətinə həvalə olunub.

Trend xəbər verir ki, bu günlərdə Naxçıvana gələn şirkətin direktoru Marselina Zieliniska yeni Baş planla bağlı bir sıra vacib məqamları açıqlayıb.

Bir neçə dəfə Naxçıvanda olan Marselina Zieliniska şəhəri təmiz və sakit bir məkan kimi dəyərləndirib. O, Zəngəzur dəhlizinin açılması perspektivini nəzərə alaraq, gələcəkdə Naxçıvanın daha çox insanı qəbul edəcək potensiala sahib olduğunu bildirib.

“Düşünürük ki, Naxçıvan, bəlkə də, öz hazırkı əhalisinin iki qatına qədər insanı qəbul edə biləcək potensiala malikdir. Reallığa əsaslansaq, şəhərin böyüməsi və genişlənməsi zəruridir. Bu səbəbdən də əsas məqsədimiz, ilk növbədə, şəhərin infrastruktur imkanlarını və ümumi potensialını genişləndirməkdir. Paralel olaraq, şəhərin əhatə dairəsinin və inzibati sərhədlərinin də genişləndirilməsi gündəmdədir,” – deyə Marselina Zieliniska vurğulayıb.

Onun sözlərinə görə, Naxçıvan şəhərinin mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır. Şəhərdə əhalinin sayının arta biləcəyini nəzərə alaraq, burada daimi yaşayan sakinlərlə yanaşı, gələcəkdə məskunlaşacaq insanlar üçün də yeni yaşayış komplekslərinin salınmasına ehtiyac yaranacaq. Bu səbəbdən, əhalinin daha komfortlu yaşayışı və istirahəti üçün zəruri infrastrukturun qurulması nəzərdə tutulur.

Marselina Zieliniska qeyd edib ki, şəhərin yaşıllıq ərazilərinin artırılması istiqamətində də böyük potensial mövcuddur. Şirkətin missiyasının əsas istiqamətlərindən biri də məhz bu sahəni əhatə edir – yeni yaşıllıq zonalarının yaradılması planlaşdırılır. O, təbiətin layihə üçün əsas prioritetlərdən biri olduğunu vurğulayaraq bildirib ki, mövcud parkların heç birinə toxunulmayacaq. Xüsusilə bu iqlim şəraitində yaşıllığın önəmini nəzərə alaraq, Naxçıvançay vadisində və digər su hövzələrinin ətrafında yaşıllıq sahələrinin genişləndirilməsi məqsədəuyğundur. Beləliklə, sakinlər bu məkanlarda daha səmərəli və keyfiyyətli istirahət edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti