Bakı. Trend:
İsrail atəşkəsi pozmadığı halda, İran da atəşkəs rejimini pozmayacaq.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (24 iyun) Malayziya baş naziri Ənvər İbrahimlə telefon söhbətində deyib.
Onun sözlərinə görə, İranın ABŞ-nin İrana hərbi hücumuna reaksiyasından sonra atəşkəs təklifi irəli sürülüb. İran haqlı hüququnu reallaşdırmaq üçün dialoq aparmağa hazırdır.
Pezeşkian İranın mövqeyini dəstəklədiyinə görə Malayziyaya təşəkkürünü bildirib.
Pezeşkian deyib ki, İran qonşu və region ölkələri ilə əlaqələri inkişaf etdirmə və münasibətləri gücləndirmək ardıncadır. İran ABŞ-nin hücumuna reaksiya vermək üçün məcburi şəkildə, istəmədən dost və qardaş Qətərdə ABŞ hərbi bazasına hücum etdi. Lakin bu məsələ heç bir vəchlə Qətərlə qarşılaşmaq mənasında deyil.
Telefon söhbətində Malayziya baş naziri Ənvər İbrahim də İranın mövqeyini dəstəklədiyini və özünümüdafiə haqqının olduğunu bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.