Bakı. Trend:
Dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılacaq.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Dövlət borcu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcə, yerli büdcələr, büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.
Mövcud qanunvericiliyə əsasən, dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.
Bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə bu qanun layihəsi hazırlanıb.
Layihədə dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.
Vurğulanıb ki, qeyd olunan dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.