Bakı. Trend:
Hazırda müzakirəsi aparılan məsələlərdən biri də antifraud üzrə tədbirlərin genişləndirilməsidir.
Bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində Trend-ə açıqlamasında deyib.
O, əvvəlcə tədbirlə bağlı təəssüratlarını bölüşüb:
"Bu gün Bakıda keçirilən "FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində Türk Dövlətləri Kredit Bürolarının platformasının yaradılması ilə bağlı Anlaşma Memorandumu imzaladıq. Bu platforma imkan verəcək ki, kredit bürolarının fəaliyyəti daha da təkmilləşdirilsin və inkişaf etdirilsin. Eyni zamanda, bu anlaşma Memorandumunu çərçivəsində kredit büroları bir-biriləri ilə təcrübə mübadiləsi həyata keçirə biləcəklər".
Z.Nuriyev, həmçinin, bu gün Qazaxıstan Maliyyəçilər Assosiasiyası ilə birlikdə əməkdaşlıq memorandumunun imzalanmasını xatırladıb:
"Bu da imkam verəcək ki, biz Qazaxıstan Maliyyəçilər Assosiasiyası ilə həm fintex həllərinin, həm bank sektorunun inkişaf etdirilməsini təmin edək, həm də açıq bankçılıq, eləcə də rəqəmsallaşma üzrə olan təcrübələri və qanunvericilikdəki yenilikləri bir-birimizlə bölüşə bilək".
Z.Nuriyev vurğulayıb ki, hazırda müzakirəsi aparılan məsələlərdən biri də antifraud üzrə tədbirlərin genişləndirilməsidir:
"Məlumdur ki, antifraud dələduzluğun və fırıldaqçılığın qarşısını almağa yönəlmiş tədbirlər və sistemlər toplusudur. Bu sahədə mövcud olan təcrübələrin, yeniliklərin banklara və maliyyə sektoru iştirakçılarına, eləcə də digər maraqlı tərəflərə çatdırılmasını həyata keçirməyi hədəfləyirik.
Antifraud dediyimiz məsələ oldur ki, kartlardan oğurluq, fırıldaqçılıq üzrə olan halların qarşısının alınması ilə mübarizə məqsədilə əhalinin maarifləndirilməsi üçün texniki həllərin təqdim edilməsidir".
"Eyni zamanda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri məsafədən bankçılığın inkişaf etdirilməsi üçün hesabların açılması, təmassız ödənişlərin inkişaf etdirməsi üzrə olan yeniliklərin və təcrübələrin həm bank sektoruna, həm də digər maliyyə sektoru iştirakçılarına çatdırılmasından ibarət olacaq", - deyə Z.Nuriyev fikrini tamamlayıb.