Bakı. Trend:
Milli Məclis Azərbaycan və Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın həyata keçirilməsi haqqında müqaviləni ratifikasiya edib.
Trend xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”in təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.
Bildirilib ki, sənəd 23 aprel 2025-ci il tarixində Pekin şəhərində imzalanıb.
Müqavilə suverenlik, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında iki dövlət arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı səmərəli əməkdaşlığı təşviq etmək məqsədinə xidmət edir.
Razılaşmaya əsasən, tərəflər məhkəmə və ya digər orqan tərəfindən sorğu və ya icra edilməsindən asılı olmayaraq bu Müqavilənin müddəalarına uyğun olaraq cinayət işləri ilə bağlı istintaq, cinayət təqibi və məhkəmə icraatı üzrə mümkün olan ən geniş qarşılıqlı hüquqi yardımı təmin edirlər. Bu cür yardıma cinayət mühakimə icraatı üzrə sənədlərin təqdim edilməsi, şəxslərdən şahid ifadələrinin və ya izahatların alınması və verilməsi, ekspert rəylərinin alınması və verilməsi, icraata cəlb edilən əmlak və maliyyə hesablarına dair araşdırmanın aparılması və məlumatların yoxlanılması, milli qanunvericiliyə aid məlumat mübadiləsi və s. aiddir.
Bu Müqavilənin məqsədləri üçün tərəflər bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, təyin edilmiş orqanlar - Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluq, Çin üçün Ədliyyə Nazirliyi və Ali Xalq Prokurorluğu vasitəsilə qarşılıqlı sorğu və yardıma aid məsələlərə dair bir-biri ilə əlaqə saxlayacaqlar.
Müqaviləyə əsasən, sorğu edilən tərəf öz milli qanunvericiliyinə uyğun olaraq və sorğu əsasında sorğu edən tərəfin göndərdiyi sənədlərin təqdim edilməsini həyata keçirir. Hüquqi yardım haqqında sorğunun icrası zamanı sorğu edilən tərəf maraqlı şəxslərin qanuni hüquq və mənafelərini, o cümlədən onların şəxsi məlumatlarını öz milli qanunvericiliyinə uyğun olaraq qoruyur.