...

İran Qətərlə hərtərəfli münasibətləri möhkəmləndirmək niyyətindədir – Araqçi

Dünya xəbərləri Materials 24 İyun 2025 14:17 (UTC +04:00)
İran Qətərlə hərtərəfli münasibətləri möhkəmləndirmək niyyətindədir – Araqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Qətərlə yaxşı qonşuluq və qarşılıqlı mənafe çərçivəsində ikitərəfli münasibətləri bütün sferalarda davam etdirmək və möhkəmləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Qətər baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdürrəhman Al Tani ilə telefon söhbətində deyib.

Onun sözlərinə görə, İranın Qətərlə möhkəm və dostluq münasibətlərini nəzərə alaraq əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzindədir.

Araqçi bildirib ki, 22 iyun tarixində ABŞ-nin İranın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi təcavüzə reaksiya olaraq İran ABŞ-yə məxsus “Əl-Üdeyd” hərbi bazasına raket əməliyyatı keçirib və İranın bu addımı heç vaxt dost və qardaş Qətər dövləti əleyhinə addım kimi qiymətləndirilməməlidir.

İranlı nazir əlavə edib ki, İran region ölkələri ilə məsləhətləşmələr apararaq, İranla region ölkələri arasında dostluq münasibətlərinin heç vaxt mənfi situasiya ilə üzləşməsinə icazə verməyəcək.

Araqçi İsrail və ABŞ-nin İrana hücumları ilə əlaqədar Qətər dövlət rəsmilərinin mövqeyini alqışlayıb və regionda gərginliyin artmasının qarşısının alınmasına kömək istiqamətində Qətərin konstruktiv səylərini təqdirəlayiq adlandırıb.

Telefon söhbətində Qətər baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdürrəhman Al Tani də ölkəsinin regionda sülh və stabilliyin qorunması istiqamətində konstruktiv rola sahib olmaq üçün səylər göstərdiyini qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti