Bakı. Trend:
Cinayət işinin başlanmasının rədd edilməsi qaydalarına əlavələr edilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, icraatında kommersiya mülki iş, və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə bu barədə Mülki Prosessual Məcəllə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərəcək.
Mövcud qanunvericiliyə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.
Qanun layihəsinə əsasən, göndərilmiş xüsusi qərardad və ya materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərar olduqda həmin məsələ yuxarıda nəzərdə tutulmuş qaydada həll ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.