Bakı. Trend:
İtaliyanın Biznes və “Made in Italy” naziri Adolfo Urso Azərbaycanın Migəçevir şəhərində yeni elektrik stansiyasının açılışını alqışlayaraq, onun ölkənin enerji və ekoloji hədəflərinə nail olmaq baxımından “həlledici addım” olduğunu bildirib.
Trend xəbər verir ki, açılış mərasimində iştirak edən Urso “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, obyektin tikintisi “rekord müddətdə” başa çatdırılıb – bu da İtaliya tərəfinin töhfəsi sayəsində mümkün olub.
Elektrik stansiyası dövlət enerji şirkəti “Azərenerji” tərəfindən İtaliyanın “Ansaldo Energia” şirkəti ilə əməkdaşlıq çərçivəsində inşa olunub.
“Bu qabaqcıl obyekt Azərbaycanın enerji və ekoloji hədəflərinə çatmaq yolunda mühüm mərhələ oldu”, – deyə nazir vurğulayıb. – “Bu, İtaliya ilə Azərbaycan arasında onsuz da möhkəm olan enerji əməkdaşlığını daha da gücləndirən mühüm nailiyyətdir”.
Nazirin sözlərinə görə, layihə, eyni zamanda, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində sənaye əməkdaşlığının – xüsusilə metallurgiya, “yaşıl” texnologiyalar və kritik xammal sahələrində – genişləndirilməsi üçün yeni perspektivlər açır.
Gücü 1280 MVt olan stansiya Azərbaycanın müstəqillik dövründə istismara verilmiş ən iri istilik elektrik stansiyasıdır. Gözlənilir ki, bu stansiya ölkənin enerji sisteminin sabitləşdirilməsində və ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalının artırılmasında əsas rol oynayacaq.