Bakı. Trend:
“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nda dəyişiklik edilib.
Trend-in məlumatında görə, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müvafiq qərar imzalayıb.
Mövcud qanunvericiliyə əsasən, miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə qəbul edilən işçilərin sınaq keçmə məsələləri “Dövlət qulluğu haqqında” Qanun və Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
Təklif edilən dəyişikliyə əsasən, dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxslər üçün sınaq müddəti müəyyən edilməyəcək və onlar müvafiq vəzifəyə təyin olunmaqla miqrasiya orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Məlumat üçün bildirək ki, qərar iyunun 13-də qəbul edilib, iyunun 21-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyunun 22-dən qüvvəyə minib.