Bakı. Trend:
"Büdcə sistemi haqqında" qanuna yeni anlayışlar daxil ediləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Büdcə sistemi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, həmin anlayışlar aşağıdakılardır:
- Dividend: dövlət müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətdən dövlət büdcəsinə edilən ödəniş;
- Uzunmüddətli dövr: 5 və daha çox ili əhatə edən dövr.
Bildirilib ki, mövcud qanunda "ortamüddətli dövr" 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə "uzunmüddətli dövr" ifadəsi daxil edilib.
Həmçinin nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlərin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqədar qanuna "dividend" anlayışı əlavə edilib və "dividendlər" dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınıb.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.