Bakı. Trend:
İyunun 24-də ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə 8-ci ADA Beynəlxalq Təhsil Konfransının rəsmi açılışı baş tutub.
“Formal təhsil hüdudlarından kənar: Sürətlə dəyişən dünya ilə ayaqlaşan təhsilə doğru” mövzusuna həsr olunmuş builki konfrans, təhsil sahəsində innovativ yanaşmaların müzakirəsi üçün geniş platforma yaradıb.
Konfransın ilk günündə Azərbaycan Respublikasının Elm və təhsil naziri, ADA Universitetinin prorektoru və ADA Vaşinqton Mərkəzinin prezidenti çıxış edərək iştirakçıları salamlayıblar.
Elm və təhsil naziri Emin Əmrullayev təhsil gündəminin aktual məsələlərinə toxunaraq bu sahəyə elmi yanaşmanın və aparılan tədqiqatların vacibliyini xüsusi vurğulayıb. Nazir tədbir iştirakçıları ilə fikir mübadiləsi apararaq təhsilin bütün pillələrinə dair bir sıra maraqlı məqamları müzakirə edib. O, həmçinin müasir dövrün çağırışları fonunda təhsil sisteminin dəyişən reallıqlara uyğunlaşdırılmasının zəruriliyindən bəhs edib.
Konfransın əsas məruzəçisi, ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd “Təhsildə əlavə dəyərin yaradılması” mövzusunda çıxış edərək, müasir təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığını, təhsilin həm də dəyərlər üzərində qurulan şəxsiyyət yetişdirməyi hədəfləməli olduğunu vurğulayıb. O, milli kimliyə bağlılığın və qlobal baxış bucağının harmoniyasını, müəllim və alimlərin nüfuzunun qorunması və bu peşələrə davamlı sərmayə yatırılmasının əhəmiyyətini xüsusi qeyd edib.
İlk panel müzakirəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov, Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin prorektoru Sergey Kosaretskiy və Kanadanın Amerika Keyfiyyət Cəmiyyətinin regional direktoru Natella İsazadə ali təhsildə islahatların əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Konfrans təhsil tədqiqatçılarının təhsildə rifah, süni intellektin təhsilə təsiri, inklüzivlik, humanitar fənlərin tədrisi və təhsildə sahibkarlıq kimi aktual mövzular üzrə təqdimatları və müzakirələri ilə davam edib.
Qeyd edək ki, üç gün davam edəcək konfransda yeddi ölkədən 230-dan artıq iştirakçı – təhsil ekspertləri, təhsil müəssisələrinin nümayəndələri, dövlət rəsmiləri, müəllimlər və tələbələr qatılıb.