Bakı. Trend:
İsrail tərəfi İrana hücumunu birtərəfli qaydada dayandırmağa məcbur olub.
Trend-in məlumatına görə, bu, İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında öz əksini tapıb.
Bəyanatda qeyd olunur ki, 12 gün ərzində İran Silahlı Qüvvələri tam şəkildə ölkəni müdafiə edib və qarşı tərəflərə zamanında və ölçüsündə reaksiya verib. Ən son hücum isə Qətərdə ABŞ-yə məxsus “Əl-Üdeyd” hərbi hava bazası və ardınca İsrailin müxtəlif ərazilərinin raketlərlə vurulması idi.
Bəyanatda deyilir ki, İranın Silahlı Qüvvələri qarşı tərəflərin sözlərinə heç bir etibar etmədən istənilən təcavüzkar əmələ qətiyyətli cavab verməyə hazır olacaqlar.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb. Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki
hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti
Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan
edib.