Bakı. Trend:
300-dən çox gənc dünyanın ən yaxşı 10 universitetindən qəbul alıb.
Trend xəbər verir ki, bu fikirləri Respublika Fənn Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində Elm və Təhsil Naziri Emin Əmrullayev səsləndirib.
Nazir qeyd edib ki, xaricdə təhsil üzrə Dövlət proqramının əsas hədəfi ən yüksək reytinqə sahib universitetlərdə təhsil imkanlarını dəstəkləməkdir:
“Bu proqram çərçivəsində bakalavr, magistratura və doktorantura səviyyələrində dünyanın ən yüksək reytinqli universitetlərinə qəbul olan tələbələrə dəstək verilir. Bu, sadəcə bir kriteriya deyil. Artıq bu, bir siyasətə çevrilib. Çünki məqsədimiz həm də ölkənin insan kapitalını gücləndirməkdir”.
Emin Əmrullahev əlavə edib ki, proqrama maraq ildən-ilə artır:
“Təkcə 2025–2026-cı tədris ili üçün bizə mindən artıq müraciət daxil olub. Bu günə qədər qəbul verilmiş tələbələrin təhsil aldığı universitetlər dünyanın ən yaxşı 10 ali təhsil müəssisəsindən ibarətdir. Xüsusilə bakalavr səviyyəsində də həmin universitetlərə qəbul olan gənclər var”.
Nazir bildirib ki, bu, ölkəmiz üçün çox mühüm nailiyyətdir:
“Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu proqram vasitəsilə 300-dən çox gənc dünyanın ən nüfuzlu ilk 10 universitetindən birinə qəbul alıb. Bu, sadəcə statistik göstərici deyil — bu, ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir nəticədir. Çünki universitet təkcə bilik verilən məkan deyil, o, həm də insanın formalaşdığı, inkişafa doğru yönəldiyi mərkəzdir. Odur ki, biz bu investisiyaya çox ciddi yanaşırıq. Biz istəyirik ki, bu gənclər təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb ölkənin inkişafına töhfə versinlər”.