...

“Azərxalça” ASC-nin Qəbələdə fəaliyyət göstərən emalatxanasında növbəti sərgi və satış salonunun açılışı oldu (FOTO)

Cəmiyyət Materials 24 İyun 2025 10:59 (UTC +04:00)
“Azərxalça” ASC-nin Qəbələdə fəaliyyət göstərən emalatxanasında növbəti sərgi və satış salonunun açılışı oldu (FOTO)

Bakı. Trend:

Müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzi hesab olunan, 100 illik tarixə malik “Azərxalça” ASC ölkənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən 14 xalça emalatxanası və 2 sərgi- satış salonu ilə fəaliyyətini genişləndirməyə, xalçaçılığın inkişafına, qorunmasına öz töhfəsini verməyə davam edir. Məhz bu səbəbdən iyun ayının 23-də turist axını və daxili təlabatı da nəzərə alaraq qurumun Qəbələdə fəaliyyət göstərən xalça emalatxanası nəzdində növbəti, üçüncü sərgi və satış salonun açılışı baş tutub.

Açılışda “Azərxalça” ASC-nin İdarə heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov başda olmaqla qurumun yaradıcı heyəti və Qəbələ rayonu İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev də iştirak edib.

Emin Məmmədov çıxışı zamanı bildirib ki, istər ölkə daxilində, istərsə də xaricdə daim diqqət mərkəzində olan, əsararəngiz rəng palitrasına sahib xalçaların hazırlanıb ərsəyə gəlməsində 693 işçinin əməyindən istifadə olunur. Bildirildi ki, xalça emalatxanalarında çalışan bu işçilərin 520 nəfəri toxucu xanımlardır və bu say günü-gündən artır: “Biz bu sahədə yalnız yaşlı nəslin nümayəndələri deyil gəncləri, gənc toxucu xanımları da cəlb etmək üzərində çalışırıq”. Qeyd olundu ki, sevindirici haldır ki, “Azərxalça” – nın rayonlarda yaşayan anaların, nənələrin sevgi ilə toxuduqları möhtəşəm xalçalarını artıq turistlər yalnız Bakıda deyil, Qəbələdə də fəaliyyət göstərən sərgi-satış salonundan əldə edə biləcəklər. Xüsusi vurğulandı ki, salon yalnız satış nöqtəsi deyil eyni zamanda rayona gələn turistlərin baş çəkib maraqlı vaxt keçirəcəyi, Qəbələdə yaşayan uşaqların və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında xüsusi yeri olan məkan olacaq. Sonda sədr qeyd etdi ki, bu təcrübə özünü doğruldarsa, digər rayonlarda da fəaliyyət göstərən emalatxanalarda satış və sərgi salonlarının açılması nəzərdə tutulur.

Səbuhi Abdullayev isə çıxışı zamanı bildirdi ki, bu gün qədim və müasir Qəbələ özünün inkişaf dövrünü yaşayır, Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilir, hər il Qəbələyə baş çəkən yerli və xarici turistlərin sayı artır. Qeyd olundu ki, qədim Qəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələ şəhəri turistlərin böyük marağına səbəb olur. Müasir Qəbələ geniş, rahat asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq aeroportu, dünya səviyyəli konqres salonu, beşulduzlu otelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhərdir. İcra başçısı sonda “Azərxalça” ASC- nin emalatxanası daxilində fəaliyyət göstərən əsrarəngiz, əsl əl işi Azərbaycan xalçalarının satışının baş tutacağı salonun da gələcəkdə rayonun əsas turistik mərkəzlərindən birinə çevriləcəyinə inandığını və istənilən dəstəyin göstəriləcəyini xüsusi qeyd etdi.

Sərgi və satış salonunda turistlər üçün xalçaçılıqla bağlı maraqlı və fərqli xidmətlər göstəriləcək. Emalatxanaya gəlib toxuma prosesində iştirak etmək, çay içərək ümumi prosesi izləmək və ya özünün kiçik suvenir xalçasını toxumaq (və ya toxutdurmaq) istəyən tursitlər öncədən emalatxana rəhbərliyinə müraciət edərək xidmətlərdən ( ödənişli) istifadə edə bilərlər.

“Azərxalça” ASC-nin emlatxanalarında mütəxəssislər tərəfindən hazırda yun və ipək xalçalar istehsal olunur. Həm yerli, həm də dünya bazarının tələbləri nəzərə alınmaqla dolğun rəngli, incə naxışların əks olunduğu ənənəvi xalçalarla yanaşı, müasir dizayna uyğun, çağdaş interyerin tələblərini ödəyən məhsulların istehsalı da həyata keçirilir. Xalçalarda hər zaman fərqlilik olması üçün həm yerli, həm də xarici dizayner, rəssam və xalçaçı ustalarla əməkdaşlıq edilir. Qurumun istehsal etdiyi bütün məhsulları görmək üçün paytaxt Bakıda 2 ünvanda satış və sərgi salonları həm yerli sakinlər, həm də turistlərin ixtiyarındadır. Məhsullarla tanış olub zövqünə uyğun xalça seçmək istəyənlər İçərişəhərdəki Böyük Qala, 15 ünvanında yerləşən mağazaya və “Four Seasons” hotelindəki salona baş çəkə bilərlər.

Xəbər lenti

Xəbər lenti