Bakı. Trend:
Son illərdə Respublika Fənn Olimpiadalarında iştirak əhəmiyyətli dərəcədə genişlənib. Belə ki, olimpiadalarda iştirakçı sayı 80 mini ötüb.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində deyib.
“Elm və Təhsil Nazirliyi olaraq bizim üçün istedadlı gənclərlə işləmək, onların vaxtında üzə çıxarılması və sonradan inkişafının təmin edilməsi əsas prioritetlərimizdən biridir. Hesab edirəm ki, gələcəkdə də bu cür imkanlar olacaq və istedadların vaxtında müəyyən olunması həlledici rol oynayacaq”, – deyə nazir qeyd edib.
O əlavə edib ki, istər fundamental elmlər, istər mühəndislik, istərsə də digər ixtisaslaşmış sahələrdə inkişaf üçün imkanlar mövcuddur. Onun sözlərinə görə, bəzən bu sahələrdə az sayda insan olsa da, onların ortaya qoyduğu nəticələr son dərəcə dəyərli və təsirli olur.
Emin Əmrullayevin sözlərinə görə, belə məqamlarda azlığın içindən keyfiyyətli nəticələr çıxarmaq bacarığı ön plana keçir. Bu isə göstərir ki, əsas meyar sayın çoxluğu deyil, həvəs, zəhmət və istedaddır.