Bakı. Trend:
Hazırda Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatı üçün çox böyük zərərlərə səbəb ola bilər.
Trend-in məlumatına görə, bunu İranın Gəmiçilik Assosiasiyasının baş katibi Məsud Palme yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda dünya enerjisinin 60%-dən çoxu Fars körfəzindən hasil olunur və dünyanın müxtəlif bölgələrinə daşınır.
Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına zərbə vuracaq və beynəlxalq hesablamalara əsasən neftin 1 barelinin qiyməti 120 dolları keçəcək.
Palme deyib ki, təbii ki, bu artım dənizlə yükdaşıma haqqını da artıracaq və dünya birjalarında şok vəziyyəti yarada bilər. Bir sözlə Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatında çox güclü zəlzələyə səbəb ola bilər.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.