...

III MDB Oyunlarının bəzi yarışları Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək (FOTO)

İdman Materials 24 İyun 2025 11:21 (UTC +04:00)
III MDB Oyunlarının bəzi yarışları Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Yevlax. Trend:

Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının bəzi idman növləri üzrə yarışlar açılışı yeni baş tutmuş Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Trend xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kompleks Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunur.

E.Mehdiyev qeyd edib ki, Yevlax Olimpiya İdman Kompleksinin ərazisi 5.8 hektardır:

“Kompleks üzrə ümumi tikintialtı sahə 9500 m², ümumi sahə 17 000 m² -dir. Açıq hava idman meydançaları və stadionun meydançasının sahəsi 10 200 m²-dir. Kompleksin abadlıq, yaşıllıq, asfaltbeton yolların sahəsi isə 38 000 m² təşkil edir. Kompleks memarlıq üslübunda müasir modern üslübuna üstünlük verilib”.

Onun sözlərinə görə, kompleksin əsas binası 6 blokdan ibarətdir:

“1-ci blok giriş foye, inzibati otaqlar, kafe, 80 nəfərlik iclas zalı, karate-taekvando məşq zalı və digər köməkçi sahələrdən ibarət olacaq. 2-ci Universal zal bloku, 1100 tamaşaçı tutumuna malik olacaq. 3-cü üzgüçülük zalı bloku 130 tamaşaçı tutumuna malik, Trenajor zalıdır (Fitness).

4-cü boks və gimnastika zalları blokudur, hər zalda 42 olmaqla 84 tamaşaçı tutumuna malik olacaq. 5-ci güləş və cüdo üçün nəzərdə tutulan ümumi zaldır, 240 tamaşaçı tutumuna malik olacaq. 6-cı isə mehmanxana blokudur, 21 otaq var, 42 çarpayı yerlikdir”.

Şöbə müdiri futbol stadionu haqqında da məlumat verib:

“Meydança, süni ot örtüklü, 105x68 metr ölçüdədir. Tamaşaçı tribunası isə 1300 nəfərlikdir. 2 ədəd 42x25 metr ölçüdə, süni ot örtüklü mini futbol meydançaları var. Digərləri texniki binalar, su anbarları, qazanxana, nasosxana, transformator və sair texniki sahələrdir. Onuda qeyd edimki bu Universal zal voleybol, basketbol, hendbol, badminton idman növləri üzrə məşqlər və yarışların keçirilməsi üçün nəzərdə tutulub. Bu zalda FIBA tələblərinə cavab veren Danimarka istehsalı Junckers markalı lisenziyalı, amortizasiyalı xüsusi taxta döşəmə quraşdırılır”.

Onun sözlərinə görə, hər bir zalın ayrı-ayrılıqda soyunma-geyinmə, duş, məşqçilər, hakimlər otaqları olacaq:

“Kompleksin əksər zallarında tamaşaçı oturacalarının olması, zalların sayının çox olması imkan verir ki, eyni anda müxtəlif zallarda həmdə yarışlar təşkil edilsin. Bu komplesks funksionallıq baxımındanölkəmizin ən yaxşı Olimpiya İdman Kompleksindən biri olacaq. Zallarda quraşdırılan idman avadanlıqlarının çox hissəsi lisenziyalı olacaq”.

E.Mehdiyev bildirib ki, kompleks müstəqil xarici elektrik, qaz, fiberoptik rabitə xətləri ilə təmin edilir:

“Mehmanxana binasında 2 ədəd sərnişin lifti, idman korpusunda fiziki imkanları məhdud şəxslər üçün 1 ədəd lift quraşdırılması, müasir havalandırma, isitmə, soyutma, nəmalma, yanğın siqnalizasiya, hovuz-filtirasiya, müşahidə kameraları, internet, televiziya şəbəkəsi, daxili telefon stansiyası, səs və digər sistemlərlə təmin edilir. Kompleksdən fiziki imkanları məhdud idmançıların istifadəsi üçün müvafiq şərait yaradılır. Kompleks müvafiq mebel, inventar və ləvazimatlarla təchiz edilir”.

2025-ci ilin sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı Yevlax OIK Boks idman növü üzrə yarışları qəbul edəcək.

Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti