Bakı. Trend:
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Nüvə və
Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop”
xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya
laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar
tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o
cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla
radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr mütəmadi olaraq
davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Qeyd edilir ki, müayinələr zamanı bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması halları qeydə alınmayıb.
Vurğulanıb ki, ölkə ərazisində, o cümlədən transsərhəd
bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarətin təmin olunması
məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı
rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin
Monitorinqi Mərkəzinin avtomatlaşdırılmış stansiyaları fəaliyyət
göstərir.
Avtomatlaşdırılmış stansiyalar vasitəsilə radiasiya fonu üzrə
gündəlik müşahidələr aparılır. Hazırkı müşahidələrin nəticələrinə
əsasən, havada hər hansı bir radioaktiv çirklənmə faktı qeydə
alınmayıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları
departamenti tərəfindən Azərbaycanın cənub sərhədyanı rayonlarında
(Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar) radioloji və
radioekoloji tədqiqatlar həyata keçirilməkdədir. İRİA Nüvə
tədqiqatları departamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin təhlükəsizlik standartları və tövsiyəedici sənədləri
nəzərə alınaraq, ölkəmizin cənub sərhəd rayonları ərazisində
havada, torpaqda və çay su nümunələrində aşağıdakı radioloji
parametrlər üzrə ölçmə və analizlər aparılıb.
Nəticələr belə olub:
- Hava, torpaq, yağış və çay suyu nümunələrində Uran izotoplarının
zənginləşdilmiş dəyəri, habelə heç bir süni radionuklidlər aşkar
edilməyib;
- Hava alfa və beta aktivlik dəyərləri normal fon daxilində
müşahidə edilib;
- Avtoqamma və stasionar dozimetrik ölçülərdə qamma və neytron
şüalanması fon səviyyələrdə olub, təhlükəli dəyərlər qeydə
alınmayıb.
Qeyd edilib ki, aparılan müayinələrin nəticələri barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.