Bakı. Trend:
"Smart Tech" Azərbaycan Mərkəzi Bankı ilə data idarəetməsi sahəsində iki layihə üzərində qarşısına yeni hədəflər qoyub.
Bu sözləri Türkiyənin "Smart Tech" şirkətinin Müşahidə Şurasının üzvü, satış üzrə vitse-prezidenti Nuri Çelikboy bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, “Smart Tech” olaraq “Fintech Summit” tədbirində ikinci dəfə iştirak edirlər: "Azərbaycanda artıq fəaliyyət göstəririk. Burada hazırda bir neçə bankla əməkdaşlıq edirik.
Xüsusilə data və analitika sahəsində fəaliyyət göstəririk. Mərkəzimiz İstanbulda yerləşir. 100 nəfərlik məsləhətçi komandamız var. 200-dən çox referans layihəmiz mövcuddur.
Azərbaycan bazarı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə maliyyə və sığorta sektoru ilə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik".
N.Çelikboy vurğulayıb ki, Türkiyədə qazandıqları təcrübəni Azərbaycandakı şirkətlərə ötürmək əsas hədəflərindəndir:
"Xüsusilə data idarəetməsi (data driven) sahəsində ciddi layihələrimiz var. Bu layihələr bu il Azərbaycanda da böyük əhəmiyyət qazanıb. Bütün banklar, maliyyə qurumları bu layihələri tətbiq etmək istəyirlər. Biz də bu sahədə öz həllərimizlə dəstək vermək niyyətindəyik".
"Hazırda Azərbaycan Mərkəzi Bank ilə də yaxından işləyirik. Danışıqlar gedir. İki layihə üzrə müzakirələr aparılır. Bu layihələrdə iştirak etmək nəsib olsa, çox sevinəcəyik. Bu layihələri açıqlamaq hələ tezdir. Amma onu deyə bilərəm ki, bu layihələr data, hesabatlılıq, ali rəhbərlik üçün hesabatların hazırlanması, data idarəetməsi istiqamətində olacaq. Yaxın dövrdə bu layihələrin gerçəkləşəcəyini gözləyirik", - deyə şirkətin rəsmisi qeyd edib.