...

WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2026 17:43 (UTC +04:00)
WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

15 yanvar 2026-cı il tarixində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb.

Trend WUF13-ün Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Ev Sahibi Ölkə Sazişi əsasında hazırlanmış bu razılaşma BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev tərəfindən Cenevrədə imzalanıb.

Bu sənədin imzalanması 17–22 may 2026-cı il tarixlərində Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir. Sözügedən Saziş 2023-cü ilin dekabrında imzalanmış ev sayibliyinə dair Sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.

Anar Quliyev UN-Habitat və Azərbaycan arasında səmərəli əməkdaşlığı və şəhərsalmanın inkişafı sahəsində birgə layihələri yüksək qiymətləndirdiyini bildirib. O, Qarabağ və Şərqi Zəngəzur bölgələrində üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də Ümumdünya Məskunlaşma Günü münasibətilə 2023-cü ildə Bakıda keçirilmiş tədbirlərin bunu təsdiqləyini qeyd edib.

O əlavə edib: “Bu gün Azərbaycan insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı və “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir. UN-Habitat ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsi möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və insan yönümlü şəhərlərin təşviqinə töhfə verəcək.”

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax bu mühüm toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikası Hökumətinə təşəkkür edib: “Azərbaycanın liderliyi və tərəfdaşlığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq prosesinin mərkəzində dayanır və biz bu davamlı əməkdaşlığa görə öz minnətdarlığımızı bildiririk. Biz, təqribən 3 milyard insanı, o cümlədən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1,1 milyard insana təsir edən qlobal mənzil böhranını birlikdə həll etməliyik.”

Bakı şəhərinin WUF13-ün ev sahibi elan edilməsindən sonra 2023-cü il dekabr ayında Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında Ev Sahibi Ölkə Sazişi imzalanıb. Bu saziş qlobal konfransın ev sahibi ölkədə təşkili üçün hüquqi konsepsiyanı müəyyən etməklə yanaşı, həm təşkilati, həm də planlaşdırma məsələlərinin böyük əksəriyyəti üçün əsas olmuşdur.

Qeyd edək ki, 2001-ci ildə BMT tərəfindən yaradılmış Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlər, icmalar, ölkələr və iqlim dəyişmələrinə təsirlərini araşdırmaq məqsədilə təşkil olunan aparıcı qlobal konfransdır. Forum öz fəaliyyətinə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlamışdır və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti