Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir. Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən daha iki nəfər - 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar.
Trend xəbər verir kİ, bununla bağlı DİN məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla məlum olub ki, bu şəxslər xaricdən idarə olunan qanunsuz qumar oyunlarının keçirildiyi saytlarla cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar. Daha sonra dəstə üzvləri sosial şəbəkələrdə “Tokyo”, “Lasvegas”, “Tac”, “Joker” və “Padişah Casino” adlı profillərlə qeydiyyatdan keçərək onlarla əlaqə saxlayan şəxslərin pul müqabilində onlayn qumar oyunları oynamalarını təşkil ediblər.
Saxlanılan şəxslərin paytaxtın müxtəlif ərazilərində yerləşən
mənzillərinə baxış zamanı elektron sübutlar, habelə qanunsuz kazino
oyunlarında istifadə etdikləri bank kartları və mobil nömrələr
aşkarlanaraq maddi sübut kimi götürülüb. Bank kartlarının isə
ayrı-ayrı şəxslərdən ödənişlər müqabilində alınaraq qanunsuz pul
köçürmələrində istifadə edildiyi müəyyən olunub.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlara şirnikləndirici vədlər verən qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyi tövsiyə edirik. Bu zaman kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul vəsaitlərinizi itirə və qanunsuz qumar oyunlarında iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz.
