Bakı. Trend:
Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların siyahısı genişləndirilib.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab ediləcək:
- dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
- "Fərdi məlumatlar haqqında" Qanuna əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.
Dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsi sayılacaq.
İşçi qanunazidd hərəkətləri ilə dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyacaq.
İşçi dövlət, kommersiya və (və ya) vergi sirrinin qorunmasına cavabdeh olacaq və bu sirləri yaymağa görə qanunvericilikdə və bu əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyacaq.
Qanuna əsasən, danışıqların iştirakçıları alınmış məlumatlarda olan dövlət, kommersiya və (və ya) vergi sirrini yaymağa görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaqlar.
