Bakı. Trend:
Avstriyanın Ştiriya və Zalsburq bölgələrində baş verən qar uçqunları nəticəsində azı səkkiz nəfər həlak olub. Daha əvvəl beş nəfərin öldüyü bildirilmişdi.
Trend-in məlumatına görə, bu barədə yerli “Kronen Zeitung” qəzeti yazıb.
Məlumata əsasən, Ştiriya əyalətinin Murtal dairəsinin Pustervald bölgəsində baş verən qar uçqunu zamanı daha üç nəfər həyatını itirib.
İlkin məlumata görə, qar uçqununa yeddi çexiyalı xizəkçi düşüb. Onlardan üçü tamamilə qar altında qalıb. Axtarış-xilasetmə əməliyyatlarına təxminən 150 nəfər cəlb edilsə də, əlverişsiz hava şəraiti səbəbindən cəsədlərin çıxarılması mümkün olmayıb.
Axtarışların bazar günü davam etdirilməsi planlaşdırılır.
xxx
23:22
Alp dağlarının Avstriya ərazisinə düşən hissəsində baş verən qar uçqunları nəticəsində beş nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Avstriyanın “ORF” teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüyü 2 150 m) yeddi xizəkçidən ibarət qrup qarın altında qalıb. Onlardan dördü həlak olub, biri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həmin gün Avstriyada qar uçqunu zamanı daha bir qadın da ölüb.
Xilasedicilər turistlərdən işarəli xizək yollarını tərk etməmələrini xahiş ediblər, çünki faciələrin əksəriyyəti cığırdan kənarda hərəkət edən xizəkçilər arasında baş verir.
