Bakı. Trend:
2026-cı ilin yanvar ayından etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan təbii qazının İtaliya üzərindən Avstriyaya və Almaniyaya ixracına başlayıb. Bu hadisə Avropanın qaz bazarının təkamülündə mühüm mərhələni tərənnüm edir.
Bu tədarüklər yalnız Azərbaycan qazının qitədə mövcudluq coğrafiyasını genişləndirmir, alıcı ölkələrin sayını on altıya çatdırmır, eyni zamanda enerji resurslarının mənbələrinin və marşrutlarının şaxələndirilməsini əhatə edən daha geniş strategiyanın bir hissəsinə çevrilir. Avropa İttifaqının 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalından tam imtina etməsi ilə bağlı qərarları fonunda yeni tədarük istiqamətləri enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, tarixi olaraq dominant tədarükçülərdən asılılığın azaldılmasında və geosiyasi qeyri-sabitlikdən qaynaqlanan risklərin minimuma endirilməsində əsas rol oynayır.
Müstəqil tənzimləyici orqan “E-Control”un dərc etdiyi statistikaya əsasən, 2025-ci ilin oktyabr ayında Avstriyanın qonşu ölkələrdən qaz idxalı təxminən 12,3 TV/s təşkil edib ki, bu, 2024-cü ilin oktyabrı ilə müqayisədə 10,5% çoxdur, eyni zamanda ixrac 65,4% artaraq 6,8 TV/s-a çatıb. Nəticədə xalis idxal əvvəlki ilə nisbətən 21,7% azalaraq 1,52 TV/s təşkil edib. Bu göstəricilər Avstriya bazarında artan aktivliyi, xüsusilə Baumqarten marşrutu üzrə tədarüklərin dayandırılması fonunda Qərbi Avropa marşrutları vasitəsilə tədarüklərin gücləndirildiyini əks etdirir . Qazın anbarlara doldurulmasının artması və tədarük həcmlərinin artması göstərir ki, Avstriya bazarın yeni reallıqlarına uğurla uyğunlaşır və ənənəvi mənbələrin azaldılmasını kompensasiya edir.
İdxalın artması ilə yanaşı, “Gas Connect Austria” 2025-ci ildə öncəki illə müqayisədə xüsusilə qış aylarında, xeyli yüksək istehlak səviyyələri qeydə alınıb. 2025-ci ilin yanvar-avqust aylarında qaz istehlakı 50,39 TV/s təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur. Pik istehlak fevral və mart aylarında müşahidə olunub ki, bu dövrdə temperatur uzunmüddətli orta göstəricilərdən bir qədər aşağı olub. Enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı proqramlarının irəliləməsinə baxmayaraq, bu, təbii qazın ölkənin enerji balansında, xüsusilə pik yüklənmə dövrlərində, hələ də ən vacib rol oynadığını göstərir.
Bu dəyişikliklərdə “West Austria Gas Pipeline” (WAG) sisteminin fəal istifadəsi kritik rol oynayıb. Baumqarten marşrutu üzrə tədarüklər dayandırıldıqdan sonra Avstriya əsasən qərb girişindən- Oberekppeldən öz ehtiyaclarını təmin etməyə başlayıb və Almaniyadan təchizat kəskin artıb: 2025-ci ilin iyul-sentyabr aylarında bu marşrutla 20,47 TV/s qaz daxil olub, halbuki bir il əvvəl bu göstərici yalnız 2,26 TV/s olub. İtaliyadan “Arnoldstein/TAG” beynəlxalq qovşağı vasitəsilə qaz tədarükü də artıb, baxmayaraq ki, nisbətən mülayim səviyyədə qalıb (təxminən 2,8 TV/s).
Bundan əlavə, Avstriya şərq istiqamətində qaz ixracını əhəmiyyətli dərəcədə artırmışdır. Macarıstanda yerləşən Mosonmagyaróvár çıxış nöqtəsi vasitəsilə həyata keçirilən tədarüklər 2024-cü ildə 0,05 Tv/saatdan 2025-ci ilin eyni dövründə 7,59 Tv/s yüksəlmişdir. Tranzit fəaliyyətinin artması göstərir ki, Avstriyanın qaz infrastrukturu təkcə daxili tələbatı təmin etmir, eyni zamanda regional enerji sistemində mühüm tranzit halqası kimi çıxış edir.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada vəziyyət də qaz bazarının strukturunda baş verən ciddi dəyişiklikləri əks etdirir. Almaniyanın Federal Şəbəkə Agentliyi (Bundesnetzagentur) tərəfindən açıqlanan ilkin məlumatlara əsasən, 2025-ci ildə qaz idxal axınları 1 031 TV/s təşkil etmişdir ki, bu da əvvəlki ilin 864 TV/s göstəricisi ilə müqayisədə 19,3% artım deməkdir. Tədarükün əsas mənbələri Norveç (44%), Niderland (24%) və Belçika (21%) olmuşdur. Mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünün 106 TV/s çatması (ümumi tədarükün təxminən 10,3%-i) qlobal qaz bazarının Almaniyanın enerji təhlükəsizliyinə artan töhfəsini əks etdirir və mövsümi və geosiyasi risklərə qarşı əlavə bufer rolunu oynayır.
2025-ci ildə istehlak strukturunda Almaniya üzrə ev təsərrüfatları və kommersiya sektoru ümumi tələbatın təxminən 40%-ni, sənaye sektoru isə qalan 60%-ni təmin etmişdir. Ümumi istehlak həcmi təxminən 864 TV/s olmuşdur ki, bu da 2024-cü ilin göstəricisindən 2,2% yüksəkdir. Belə tendensiyalar iqlimi dəyişənliklərə və alternativ enerji mənbələrinin payının artmasına baxmayaraq, daxili qaz tələbatının dayanıqlığını göstərir.
Bu dinamik dəyişikliklər fonunda Azərbaycan Avropa bazarları üçün getdikcə daha əhəmiyyətli və etibarlı qaz tədarükçüsü kimi çıxış edir. 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilmişdir ki, bunun 27,9 milyard kubmetri iri “Şahdəniz” yatağının, 14,1 milyard kubmetri “Azəri–Çıraq–Günəşli” blokunun, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşmüşdür. Ümumi ixrac 25,2 milyard kubmetr təşkil etmişdir ki, bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (o cümlədən 5,6 milyard kubmetri TANAP vasitəsilə), 2,3 milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya göndərilmişdir. Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Boru Kəməri (TAP) indiyədək Aİ ölkələrinə 54,3 milyard kubmetrdən artıq qaz tədarük edərək, mənbələrin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə vermişdir.
Trend-ə verdikləri müsahibədə Avropa Komissiyasının nümayəndələri qeyd ediblər ki, TAP-ın inkişafı Avropanın enerji bazarlarının sabitliyini gücləndirmək və siyasi dalğalanmalara həssas olan tədarüklərdən asılılığı azaltmaqla yanaşı iş yerlərinin yaradılması və regional inteqrasiyanın dərinləşməsi hesabına Yunanıstan və İtaliya daxil olmaqla tranzit ölkələrin iqtisadi artımına da töhfə vermişdir.
Avropa İttifaqının 30 sentyabr 2027-ci ilədək Rusiya qazından tam imtina etmək qərarını, istisna hallarda müddətin 31 oktyabr 2027-ci ilədək uzadıla bilməsi imkanını nəzərə alsaq, infrastruktur dəyişiklikləri və yeni təchizat marşrutları kritik əhəmiyyət kəsb edir. Xüsusilə, qəbul edilmiş tənzimləmə 2026-cı ilin yazından etibarən Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur ki, bu da dayanıqlı alternativ mənbələrə olan ehtiyacı daha da artırır. Bu kontekstdə Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükü regional enerji strategiyalarının və mənbələrin şaxələndirilməsinin sistem risklərinin azaldılmasına necə töhfə verdiyini aydın şəkildə nümayiş etdirir.
Gələcəyə baxdıqda əsas məsələ yalnız tədarük həcmlərinin saxlanılması deyil, həm də enerji resursları uğrunda artan rəqabət və dəyişən iqlim tələbləri şəraitində çevik və dayanıqlı təchizatı təmin edə bilən infrastrukturun inkişafıdır. “WAG Loop” genişlənlənməsi kimi qərb marşrutlarının ötürücülük qabiliyyətinin artırılması layihələri, eləcə də Avropa qaz nəqli şəbəkələrinin inteqrasiyasının gücləndirilməsi enerji sabitliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynayacaqdır. Orta müddətli perspektivdə bu, Azərbaycan və digər regionlardan olan qazın payının artırılması üçün əlavə imkanlar aça, Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji bazarındakı mövqelərini gücləndirə bilər.
Bu tendensiyalar fonunda aydın görünür ki, Azərbaycan təkcə tədarük coğrafiyasını genişləndirmir, həm də sürətlə dəyişən geosiyasi və bazar mühitinə uyğunlaşa bilən etibarlı enerji təchizatçısı kimi Avropa istehlakçılarının Azərbaycana olan etimadını artırır. Yeni marşrutlar və tədarük həcmlərinin artırılması Avropa enerji mənzərəsinin daha geniş transformasiyasının göstəricisidir - məhdud sayda tədarükçülərdən asılılıqdan daha şaxələndirilmiş, dayanıqlı və inteqrasiya olunmuş təchizat sisteminə keçid.
