Bakı.Trend:
Azərbaycanda həyata keçirilən islahatlar ölkənin iqtisadi və fiskal baxımdan karbohidrogen sektorundan asılılığının gözləniləndən daha əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər.
Trend bu barədə “Moody’s” reytinq agentliyinin son hesabatına istinadən məlumat verir.
Sənəddə qeyd olunur ki, davam edən islahatlar fonunda institusional bazanın daha da möhkəmləndirilməsi üçün zəruri ilkin şərtlər mövcuddur. Bu islahatlar pul-kredit siyasətinin ötürücü mexanizminin səmərəliliyinin artırılmasına, maliyyə sektorunun tənzimlənməsinin və dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə, habelə inzibati proseslərdə şəffaflığın yüksəldilməsinə yönəlib.
Agentliyin qiymətləndirməsinə görə, cari və gələcək islahatlar idarəetmə, şəffaflıq və iqtisadi siyasətin proqnozlaşdırıla bilməsi sahəsində daha sürətli və davamlı irəliləyişlərə gətirib çıxararsa, suveren kredit reytinqinin yüksəlməsi mümkündür. Bu isə öz növbəsində institutlara inamı gücləndirəcək və onların uzunmüddətli struktur çağırışlarına uyğunlaşma qabiliyyətini artıracaq.
“Moody’s” vurğulayır ki, reytinqin yüksəlməsinə təsir göstərə biləcək əlavə amillərə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin səmərəliliyi daxildir. Bu siyasət makroiqtisadi və büdcə göstəricilərinin neft qiymətlərinin dəyişkənliyinə həssaslığını azaltmaqla yanaşı, qlobal uzunmüddətli karbon keçidi ilə bağlı riskləri də zəiflədə bilər. Ölkənin kredit profilinə müsbət təsir göstərə biləcək digər amil Azərbaycan ilə Ermənistan arasında iqtisadi və diplomatik münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşmasıdır ki, bu da geosiyasi gərginliyin yenidən alovlanma ehtimalını azalda bilər.
Agentliyin analitikləri qeyri-neft gəlirlərinin səfərbər edilməsi və büdcənin karbohidrogen mənşəli fövqəlgəlirlərdən asılılığının azaldılmasına yönəlmiş qeyri-neft fiskal konsolidasiyasının gücləndirilməsi fonunda Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivlərinin daha da artacağını gözləyirlər.
Hesabatda həmçinin bildirilir ki, 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayıb, bu isə diplomatik dialoqun fəallaşmasına və sərhəd məhdudiyyətlərinin aradan qaldırılmasına səbəb olub. Bu addımlar əvvəlki onilliklərdə iki ölkə arasında vaxtaşırı hərbi toqquşmalarla müşayiət olunan dövrlərlə müqayisədə geosiyasi risklərin potensial azalmasına işarə edir.
“Moody’s” tərəfindən “ba1” səviyyəsində qiymətləndirilən Azərbaycanın iqtisadi dayanıqlığı, neft-qaz sektorundan hələ də yüksək asılılığa baxmayaraq, orta müddətli dövrdə əlverişli artım perspektivlərini əks etdirir. Hökumətin fiskal dayanıqlığı “aaa” səviyyəsində qiymətləndirilib və dövlətin güclü xalis kreditor mövqeyi ilə təmin olunur: (öhdəliklərin xarici valyutada yüksək payına baxmayaraq) suveren aktivlərin həcmi birbaşa dövlət borcunu və verilmiş zəmanətləri tam şəkildə əhatə edir.
