...

Tuluzdakı azərbaycanlılarla görüş olub (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2026 20:17 (UTC +04:00)
Tuluzdakı azərbaycanlılarla görüş olub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Tuluz şəhərində fəaliyyət göstərən Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşının qatıldığı görüşdə Tuluz Azərbaycan Evinin rəhbəri Məhəmməd Eyvazov, icma üzvləri, eləcə də həftəsonu məktəbinin ana dili müəllimi Aygün Mövsümova və Əfruz Seyidova, əl işləri müəllimi Şəlalə Tahirova, şahmat müəllimi İlkiz İsgəndərli iştirak ediblər.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüş zamanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor potensialının gücləndirilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb. Komitə əməkdaşı diaspor təşkilatlarına göstərilən dəstək mexanizmləri, eləcə də perspektiv planlar haqqında ətraflı məlumat verib.

İcmanın fəaliyyəti, yerli cəmiyyətə inteqrasiya, mövcud dərnəklərin işinin təkmilləşdirilməsi, gələcək layihə və təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb. Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün təşkil olunan ana dili dərsləri, şahmat turnirləri və müxtəlif yaradıcılıq dərnəklərindən bəhs edilib. İcma üzvlərinin təklif və təşəbbüsləri diqqətlə dinlənilib, onların reallaşdırılması imkanlarına dair müzakirələr aparılıb.

İştirakçılar Azərbaycan Evində fəaliyyət göstərən həftəsonu məktəbinin tədris prosesi ilə yaxından tanış olublar. Vətəndən uzaqda yaşayan azərbaycanlı uşaqlara və gənclərə məktəbin tədris proqramı, Azərbaycan dili, tarixi və mədəniyyətinin aşılanması istiqamətində görülən işlərdən danışılıb.

Tədbir Azərbaycan Evinin fəaliyyətinin daha da inkişaf etdirilməsi, icma birliyinin möhkəmləndirilməsi və diaspor təşkilatları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti