Bakı.Trend:
Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistanın kredit reytinqinə müsbət təsir göstərə bilər.
Bu barədə Trend Fitch Ratings agentliyinə istinadən xəbər verir.
“Fitch” Ermənistanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqi (LTFC IDR) üzrə proqnozunu “Sabit”dən “Müsbət”ə dəyişib və reytinqin özünü BB- səviyyəsində təsdiqləyib.
“Ermənistan və Azərbaycan sülh sazişinin əldə olunmasına hədəflənmiş birgə bəyannamə imzalayıblar ki, bu da qısamüddətli perspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanla və onun ərazisi üzərindən ticarət tədricən açılır. Həmçinin Türkiyə ilə münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşır və məlumatlara görə, Türkiyə hökuməti Ermənistanla quru sərhədinin açılması imkanını nəzərdən keçirir”, – “Fitch”in hesabatında qeyd olunur.
Agentlik hesab edir ki, Azərbaycanla sülh sazişinin ardıcıl şəkildə həyata keçirilməsi və Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatının orta müddətli proqnozu üçün əlavə artım potensialı yarada bilər.
Reytinqə mənfi təsir göstərə biləcək amillər sırasında “Fitch” geosiyasi riskləri artıran və siyasi-iqtisadi sabitliyi sarsıdan hadisələri, o cümlədən Azərbaycanla mövcud sülh prosesinin pozulmasını qeyd edir.
Agentliyin analitikləri bildirirlər ki, reytinqin yüksəlməsinə səbəb ola biləcək əsas amillər sırasında geosiyasi risklərin və daxili siyasi qeyri-müəyyənliyin davamlı azalması, xüsusilə Azərbaycanla sülh prosesində mühüm irəliləyiş durur.
Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin olunması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulmasına dair birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” adlandırılıb.
Görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini paraflayıb, həmçinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciətini imzalayıblar (ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk Konfransı çərçivəsində müzakirə olunan münaqişə üzrə şəxsi nümayəndəsi institutunun və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinin dayandırılması barədə).
21 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuat üçün verdiyi bəyanatda vurğulayıb ki, Azərbaycan işğal dövründən mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb və bu marşrut üzrə ilk tranzit yükü Qazaxıstanın Ermənistana göndərdiyi taxıl partiyası olub.
18 dekabr tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzini göndərib.
Daha sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1742 tonu “Aİ-95” markalı benzin, 956 tonu isə dizel yanacağı olub.
11 yanvar tarixində isə 18 vaqondan ibarət qatarla 979 ton Aİ-92 markalı avtomobil benzini bu ölkəyə göndərilib.
