Bakı. Trend:
Panamanın Milli Dəniz Aviasiya Xidməti ölkə prokurorluğu ilə birgə Las Perlas arxipelaqına daxil olan Rey adasında, Bongo çimərliyində keçirilən əməliyyat zamanı şübhəli narkotik maddələr olan 5 356 bağlama müsadirə edib.
Trend xəbər verir ki, bu barədə Panamanın Milli Dəniz Aviasiya Xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, şübhəli gəmi qanunsuz dəniz nəqliyyatının qarşısının alınmasına yönəlmiş kəşfiyyat və patrul missiyaları zamanı aşkar edilib. Gəmi görünəndən sonra qaçmağa cəhd göstərsə də, sonda qayalı çimərlikdə quruya oturub.
Qeyd olunur ki, heyət üzvləri gəmini tərk edərək meşəlik əraziyə qaçıblar. Qayıq isə qayalara dəyməsi nəticəsində gövdəsinə ziyan dəyib və tərk edilib.
Yoxlama zamanı gəmidə ümumilikdə 120 kisədə qablaşdırılmış 5 356 paket şübhəli narkotik maddə aşkar edilib.
