Bakı. Trend:
Bakıda Türk Dövlətləri Kredit Bürolarının platformasının yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində baş tutub.
Anlaşma Memorandumunu Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov, Türkiyə Respublikası Kredit Kayıt Bürosunun rəsmisi Olkun Deniz, Qazaxıstan "First Credit Bureau"nun rəhbəri Ruslan Omarov, Özbəkistan Respublikasının Kredit Məlumat Analitika Mərkəzinin Baş direktoru Ravşan Abdulkerimov, Qırğız Respublikası Kredit Bürosunun Marliz Duyşequlov arasında imzalanıb.
Tərəflər kredit hesabatlığısahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə birgə təşəbbüslər həyata keçirməyi nəzərdə tuturlar. Bu əməkdaşlıq çərçivəsində seminarlar, təhsil və təlim proqramları təşkil ediləcək, həmçinin Kredit Bürolarının daxili siyasət və prosedurlarına uyğun olaraq müvafiq bilik və təcrübə paylaşımı təmin olunacaq. Tərəflər, eyni zamanda, üzv qurumların digər tərəfin ölkəsində fəaliyyət imkanlarını genişləndirmək üçün kommunikasiya kanalları yaradacaq və maliyyə sektoruna dair digər sahələr üzrə əməkdaşlıq potensialını araşdıracaqlar.