Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp “Amerikanın səsi” (Voice of America) radiostansiyasının fəaliyyətinin dayandırılmalı olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Respublikaçılar niyə demokratların ruporu olan ‘Amerikanın Səsi’nin fəaliyyətinin davam etməsini istəyirlər? Bu, solçular üçün tam bir fəlakətdir. Heç bir respublikaçı onu saxlamaq üçün səs verməməlidir. Onunla işi bitirin”, – deyə Tramp bəyan edib.
Qeyd edək ki, radiostansiyanın əməkdaşlarının 85 faizi planlaşdırılan ixtisar çərçivəsində vəzifəsindən azad edilib. Trampın dövlət aparatında ixtisarlar nəzərdə tutan proqramı çərçivəsində ümumilikdə media orqanlarında təxminən 1 400 əməkdaş işdən çıxarılıb.
Hazırda agentliyin özündə qanunla müəyyən edilmiş minimum işçi sayı – 81 nəfər, “Amerikanın səsi”nin isə təxminən 100 əməkdaşı qalacaq.
Bundan əvvəl yayılan məlumatlarda bildirilib ki, yayım şəbəkəsi Trampın siyasətini dəstəkləyən “One America News Network” (OANN) telekanalının məzmununu retranslyasiya etməyə davam edə bilər.