Bakı. Trend:
Ekvador polisi ölkənin ən təhlükəli narkotik kartellərindən biri olan “Los Choneros”un rəhbəri Adolfo Masiasın (tanınmış ləqəbi “Fito”) həbs olunduğunu açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Ekvador Prezidenti Daniel Noboa “X” sosial şəbəkəsində paylaşım edib.
“Həmrəylik və təhlükəsizlik qanunlarının əleyhinə çıxanlara və onların zəruriliyini sual altına alanlara cavab olaraq bildirirəm ki, məhz bu qanunların köməyi ilə Fito bu gün ələ keçirilib və hüquq-mühafizə orqanlarının nəzarəti altındadır”, – deyə prezident qeyd edib.
Xatırladaq ki, Fito bu ilin yanvar ayında həbsxanadan qaçaraq beynəlxalq axtarışa verilmişdi. O, ölkədə baş verən iğtişaşlar və silahlı zorakılıqlarda əsas fiqurlardan biri hesab olunurdu.
Daniel Noboanın sözlərinə görə, Ekvador hakimiyyəti artıq onun ABŞ-a ekstradisiyası üçün Vaşinqtonla əlaqə yaradıb. ABŞ-da Fito silah və narkotik qaçaqmalçılığı da daxil olmaqla, bir sıra ağır ittihamlarla axtarılır.